...

Demokratik İslahatlar Partiyası prezident seçkisinin əvvəlki seçkilərə nisbətdə müsbət fərqini qeyd edir

Siyasət Materials 17 Oktyabr 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ ТrendNews, müxbir C.Babayeva/ Ölkədəki prezident seçkisini izləyən Azərbaycanın Demokratik İslahatlar Partiyasının (DİP) müşahidəçiləri onun əvvəlki seçkilərə nisbətən müsbət fərqini qeyd edirlər.  

"Seçki, əsasən, ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə keçirilib", - cümə günü DİP - in prezident seçkisi ilə bağlı qəbul etdiyi bəyanatda qeyd olunub.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib. Ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədi, indiki prezident İlham Əliyev seçicilərin 88,73 faiz səsini toplayıb.

Dövlət rəhbəri vəzifəsinə yeddi namizəd  irəli sürülüb. İlkin nəticələrə əsasən, İqbal Ağazadə 2,86% faiz, Fazil Qəzənfəroğlu 2,47%, Qüdrət Həsənquliyev 2,28% faiz, Qulamhüseyn Əlibəyli 2,23% faiz, Fuad Əliyev 0,78%  faiz, Hafiz Haçıyev 0,65% faiz səs toplayıb.  

DİP-in müşahidəçiləri ölkə üzrə 125 seçki dairəsini əhatə ediblər. Onlar seçki məntəqələrinin çoxunda seçki prosesini müşahidə ediblər.

"Müşahidəçilərin qeydləri və əldə edilən yekun protokolların nəticələri Seçkilər İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst - üstə düşür. Bəzi istisnalar olmaqla, müşahidəçilər prosesdə ciddi qüsurlar, qeyri - qanuni hallar müşahidə etməyiblər. Seçkidə bəzi mənfi hallar ümumi prosesə ciddi təsir göstərməyib", - partiyanın bəyanatında qeyd olunub.

Bəyanatda partiya Mərkəzi Seçki Komissiyasını  müşahidə kameralarının yaddaşında olan materialları  araşdırmağa çağırır.  

" Icra strukturlarının, inzibati orqanların təmsilçilərinin seçkiqabağı kampaniya prosesinə ənənəvi müdaxiləsi neqativ hallardandır. Seçkilər günü "karusel" əməliyyatına, seçki qutularına saxta bülletenlər atmağa cəhdlər olub. Biz hesab edirik ki, MSK müşahidə kameralarının köməyi ilə belə neqativ halları araşdırmalı və "karusel" əməliyyatının həqiqətən həyata keçirldiyini yoxlamalıdır", - DİP-in bəyanatında vurğulanıb. 

Xəbər lenti

Xəbər lenti