Gürcüstan, Tbilisi, 24 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan hökuməti donorlar tərəfindən ayrılan 4,5 milyard dollar üzrə əsas prioritetləri müəyyənləşdirib. Maliyyə naziri Nika Qilauri jurnalistlərə bildirib ki, 2 mlrd.-ı qrant və 2,5 mlrd.-ı kredit olan bu vəsait dörd istiqamətə yönəldiləcək.
"Bu proqram üç il üçün nəzərdə tutulub və Gürcüstan iqtisadiyyatının və maliyyə sahəsinin stabilləşdirilməsi məqsədi daşıyır", - deyə nazir bildirib.
Bu vəsaitin bir hissəsi dövlət büdcəsinə yönəldiləcək. Onun sözlərinə görə, vəsaitin ikinci hissəsi özəl şirkətlərə, üçüncü hissəsi infrastrukturun bərpasına, dördüncü hissəsi isə avqust hadisələri nəticəsində evsiz qalan qaçqınlara yardım kimi ayrılacaq.
Bundan əlavə, iqtisadiyyat naziri Yekaterina Şarşidze qeyd edib ki, yardım həmçinin 1989-90-cı illərdə Abaxaziya və Tsxinvalidəki doğma evlərini tərk etmə məcburiyyətində qalan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına da yönəldiləcək.
Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]