...

Azərbaycan nə bu gün, nə sabah, nə də on və ya əlli ildən sonra Dağlıq Qarabağa müstəqillik verməyəcək - prezident

Siyasət Materials 24 Oktyabr 2008 15:14 (UTC +04:00)
Azərbaycan nə bu gün, nə sabah, nə də on və ya əlli ildən sonra Dağlıq Qarabağa müstəqillik verməyəcək - prezident

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan nə bu gün, nə sabah, nə də on və ya əlli ildən sonra Dağlıq Qarabağa müstəqillik verməyəcək, Azərbaycan prezidenti İlham Əliyev cümə günü Bakıda inauqurasiya mərasimində bildirib.

"Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında davam edir, tərəfimizdən atılan addımlar danışıqlar prosesində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə səbəb olub", - İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, bu gün bütün dünya anlayır ki, regionda sabitliyin bərqərar edilməsi üçün "dondurulmuş münaqişələr" nizamlanmalıdır.

"Bu həll beynəlxalq prinsiplərə əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, danışıqların predmeti ola bilməz", - Azərbaycan prezidenti bəyan edib. "Ölkə heç zaman belə addım atmayacaq", - prezident əlavə edib.

"Biz danışıqların davam etdirilməsində maraqlıyıq və ümid edirik ki, bu danışıqlar məsələnin ədalətli həllinə gətirib çıxara bilər", - İlham Əliyev bildirib.

Azərbaycanda güclü hərbi potensialın yaradılması Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıracaq.

Onun sözlərinə görə, ordu quruculuğu prosesi davam edir. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 mln. dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1 mlrd. 850 mln. dollara çatıb. "Azərbaycanın 2009-cu il üzrə dövlət büdcəsindən hərbi xərclər üçün daha çox vəsait ayrılacaq", - dövlət başçısı bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini rəsmən elan edib.

Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.

Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Azərbaycanın dördüncü prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda tanınmış siyasi xadim Heydər Əliyevin ailəsində dünyaya gəlib. O, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ), 1985-ci ildə isə həmin institutun aspiranturasını bitirib. 1985-1990-cı illərdə MDBMİ-də dərs deyib. 1991-1994-cü illərdə Moskvada kommersiya şirkətinin baş direktoru kimi çalışıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1996-cı ildə isə həmin şirkətin birinci vitse-prezidenti təyin edilib. 2003-cü il avqustun 4-də ölkənin Baş naziri olub. İki çağırışda Azərbaycan parlamentinə deputat seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir.

2003-cü ilin oktyabrından birinci müddətə Azərbaycan prezidenti seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti