...

Azərbaycanın radikal mövqe tutan müxalifət partiyaları cəmiyyətdən təcrid olunublar -vitse-spiker

Siyasət Materials 27 Oktyabr 2008 12:09 (UTC +04:00)
Azərbaycanın radikal mövqe tutan müxalifət partiyaları cəmiyyətdən təcrid olunublar -vitse-spiker

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova hesab edir ki, radikal mövqe tutan müxalifət partiyaları cəmiyyət tərəfindən siyasi proseslərdən təcrid olunublar.

"Azərbaycanda baş verən proseslərlə bağlı radikal mövqe tutan ənənəvi müxalifət bu gün cəmiyyət tərəfindən təcrid olunub. Əgər müxalifət cəmiyyətdən təcrid olunmaq istəmirsə, konsturuktiv olmalıdır", - bazar ertəsi jurnalistlərə Muradova bildirib.

Trend -un arayışı: 2005-ci ilin parlament seçkilərindən sonraAzərbaycan müxalifətini təmsil edən bir necə partiya radikal siyasi kursdan imtina edib. Oktyabrın 15-də keçirilən prezident seçkisindən əvvəl də bir necə müxalifət partiyası radikal siyasi kursdan imtina edərək, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə ediblər. Hakimiyyət konstruktiv mövqe tutan siyasi partiyalarla əməkdaşlıq edəcəyini bəyan edib. Lakin bir necə müxalifət partiyası əvvəlki siyasi kurslarını davam etdirəcəklərini açıqlayıblar.

Muradovanın fikrincə, prezident seçkilərindən sonra siyasi partiyalar arasında yeni münasibətlərin formalaşmasının əsası qoyulub.

"Siyasi qüvvələr necə addım atırlarsa, ona uyğun da cavab alırlar. İstər partiyaların, istərsə də insanların ictimai-syasi proseslərə münasibəti necə olacaqsa, ona uyğun cavab alacaqlar. Konstruktiv mövqe tutan buna uyğun cavab olacaq, radikal olanlarsa, cəmiyyət tərəfindən təcrid olunacaqlar", - deyə vitse-spiker əlavə edib.

2007-ci ildə radikal siyasi kursdan imtina edən müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Trend -a bildirib ki, cəmiyyətdə sosial-iqtisadi münasibətlərin, mətbuat azadlığının və insan hüquqlarının pozulması vətəndaşlarda radikallıq yaradır.

"Əgər cəmiyyətdə ədalət bərqərar olsa, sosial-iqtisadi münasibətlər qanunlar əsasında tənzimlənsə, radikal müxalifətin cəmiyyətdən təcrid edildiyini söyləmək olar. Əgər bunlar yoxdursa, radikal müxalifətin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək olmaz. Radikal müxalifətin kifayət qədər sosial bazası var və bu, günü-gündən genişlənir", - deyə partiya sədri əlavə edib.

Cəlaloğlu bildirib ki, buna baxmayaraq, rəhbərlik etdiyi təşkilat radikal mübarizənin əleyhinədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti