...

Bakıda istintaqı aparılan "GEN" MMC tikinti şirkətinin rəhbərinin şəriki tutulub

Siyasət Materials 27 Oktyabr 2008 13:41 (UTC +04:00)
Bakıda istintaqı aparılan "GEN" MMC tikinti şirkətinin rəhbərinin şəriki tutulub

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında istintaqı aparılan "GEN" MMC-nin işi ilə bağlı daha bir şəxs həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, "GEN" MMC-nin rəhbəri Elbrus Əliyevdən dələduzluq yolu ilə 80 min ABŞ dolları alıb mənimsədiyi üçün Bakı sakini Xanlar Müseyib oğlu Əliyev tutulub.

Trend -un arayışı: "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev iyunun 11-də saxlanılıb və Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib. İstintaq araşdırmaları başa çatmadığı üçün istintaqın müddəti noyabrın 24-nə qədər uzadılıb. Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmə (178.3.2-ci) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan bir müddət sonra "GEN" MMC-nin rəhbəri Əliyevin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev həbs olunublar. Onlar Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək, barələrində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İyulun 3-də şirkətin baş mühasibi Əliyar Abbasov saxlanılıb. Abbasov şirkətin prezidenti Əliyevlə birgə dələduzluqda ittiham olunaraq həbs edilib.

Avqustun 30-da tikilən evlərin vətəndaşlara satılmasında vasitəçilik edən Mütəllim Babayev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin gün şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadəyə də ittiham elan olunub.

İstintaq Cəfərzadəni təqsirləndirilən şəxs kimi tanıyıb və ona Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə ittiham elan olunub. İstintaqda Cəfərzadədən istintaqdan icazəsiz hec yerə getməməsi haqda iltizam alınıb. Hazırda o, polisin nəzarətindədir.

Sentyabrın 13-də Əliyevə qarşı dələduzluq etməkdə təqsirli bilinən İsmayıllı sakini Akif Səfər oğlu Məmmədov, sentyabrın 15-də isə Bakı sakini Zahid Arif oğlu Əliyev həbs ediliblər.

Məlumata görə, Z.Əliyev fermer təsərrüfat yaratmaq adı ilə E.Əliyevdən 290 min manat, A.Məmmədov isə torpaq ərazisi alınmasında vasitəçilik edəcəyinə görə 285 min manat alaraq mənimsəyiblər. Hər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilirlər. Sentyabrın 19-da sentyabrın "GEN" MMC-nin işi ilə bağlı barəsində axtarışda olan elan olunan Elbrus Cəfərqulu oğlu Hacıyev tutulub. O, əvvəllər Rusiyada yaşayıb. Əliyevin 550 vətəndaşı aldadaraq onlardan 12 milyon manat pul alaraq mənimsədiyi bildirilir.

BŞBPİ-dən bildiriblər ki, Xanlar Əliyev "GEN" MMC-ni yaradan şəxslərdən biri olub. O, Elbrus Əliyevlə birlikdə şərik işləyib. Lakin bir müddətdən sonra o, Elbrus Əliyevdən yuxarıda qeyd olunan miqdarda pulu alıb və şirkətdən kənarlaşıb.

Xanlar Əliyev Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.3.2-ci) maddəsi ilə təqsirləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti