Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda orduya ictimai nəzarət qrupu yaradılır.
"Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunacağı qurum yaxın gələcəkdə fəaliyyətə başlayacaq",- deyə Trend -a bazar ertəsi Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən Dəyirmi masada iştirak edən Milli QHT Forumunun rəhbəri Rauf Zeyni məlumat verib.
İctimai nəzarət qrupunun yaradılması barədə təklif bu gün Müdafiə Nazirliyinin təşəbbüsü ilə nazirliyin Təlim - Tədris Mərkəzində millət vəkilləri Aydın Mirzəzadə, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Elmira Axundova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının və QHT nümayəndələrinin iştirakı ilə Azərbaycan ordusunun son dövrlərdə vəziyyətinə dair keçirilən müzakirədə səslənib.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova işgəncə və "dedovşina" hallarının qarşısını almaq üçün orduya ictimai nəzarətin həyata keçirilməsini vacib sayır.
"Hərbi hissələrə və cəzaçəkmə müəssisələrinə mütləq ictimai nəzarət həyata keçirilməlidir", - bazar ertəsi Trend - a Ombudsman Elmira Süleymanova bildirib.
Zeyni deyib ki, daimi fəaliyyət göstərəcək qurumun üzvləri orduda neqativ halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərəcəklər.
Onun sözlərinə görə, İctimai qurumun yaradılması təklifi müsbət qarşılanıb.
"Qrupun yaradılması ordunun gücləndirilməsi, cəmiyyətin orduya olan münasibətinin dəyişilməsi, xalqın orduya rəğbətlə yanaşması, o cümlədən əsgər və zabitlərin hüquqlarının müdafiə olunması istiqamətində fəaliyyət göstərəcək",- deyə Zeyni əlavə edib.
Qrupun yaradılması ilə bağlı müzakirələrin növbəti görüşlərdə də davam etdirilməsi qərara alınıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Trend - a bildirdiyinə görə, ilk dəfədir ki, bu tərkibdə keçirilən görüşdə Azərbaycan ordusundakı vəziyyət müzakirə olunub. "Görüşdə sərhədlərdə yerləşən hərbi hissələrdəki əsgərlərlə mütəmadi görüşlərin təşkil olunması tövsiyə olunub. Nazirliyin rəhbərliyi bu məsələyə müsbət yanaşır",- deyə Sabiroğlu əlavə edib. O, bu tərkibdə görüşlərin davam etdiriləcəyini bildirib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]