...

Aİ - nin Somali dəniz quldurları ilə mübarizəsinin uğurlu olacağı ehtimalı azdır

Siyasət Materials 4 Noyabr 2008 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend müxbir Y.Ostapenko/ Aİ - nin Birləşmiş Hərbi-Dəniz Qüvvələrinin Somalidəki dəniz quldurları ilə mübarizəsi, yalnız dünyada dəniz quldurluğu ilə mübarizə üzrə səylər uzlaşdırılarsa, uğurlu ola bilər.

"Aİ-nin missiyasınin Somali ətrafında dəniz quldurluğuna əhəmiyyətli təsiri  çətin ki, nəticə verə bilər, - Beynəlxalq Münasibətlər Kral İnstitutunun "Afrika" Proqramının tədqiqatçısı Rocer Middlton (Roger Middleton) elektron poçtla Trend -a bildirib.

Fransa və İspaniyanın müdafiə nazirləri bu günlərdə Somalinin dəniz quldurları ilə mübarizə üzrə saziş imzalayıblar ki, bu da Aİ - nin Hərbi-Dəniz Qüvvələrinin Ədən körfəzində əməliyyatlara başlaması deməkdir.

Bu, Avropa İttifaqının qüvvələri ilə aparılan ilk belə əməliyyat olsa da, Hind okeanının bu regionunda dəniz quldurluğu ilə mübarizə üzrə birinci əməliyyat deyil. Burada Hərbi - Dəniz Qüvvələri (HDQ) hərbi gəmilərinin koalisiya qüvvələri (150-ci koalisiya qruplaşması), NATO-nun donanması, Rusiyanın Baltik Donanmasının "Neustraşimıy" keşikçi gəmisi fəaliyyət göstərir.

Beynəlxalq qüvvələrin fəaliyyətinə baxmayaraq, dəniz quldurları yeni gəmiləri ələ keçirməkdə davam edirlər.

Somali dəniz quldurlarının son obyekti sentyabrın 25-də ələ keçirilən "Faina" Ukrayna gəmisi olub. Gəminin göyərtəsində 20 ekipaj üzvü, o cümlədən 17 ukraynalı, T-72 tankları da daxil olmaqla, çox sayda silah olub.

Ekspertlər hesab edirlər ki, Aİ - nin planlaşdırılan missiyası müxtəlif iştirakçıların fəaliyyətinin uzlaşdırılmasından asılıdır. Belə ki, o, mümkün olduqca çox dəniz məkanını əhatə etməlidir.

Aİ-nin missiyası dəniz quldurlarının hücumlarını yalnız NATO, 150-ci koalisiya gəmi qruplaşması, Rusiya, Hindistan, Malayziya və ola bilsin, Cənubi Afrika ilə birlikdə azalda bilər, - bir müddət əvvəl Londondakı Chatham House Araşdırma Mərkəzi üçün Somalidə dəniz quldurluğu üzrə hesabat yazmış Middlton hesab edir.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (İTF) mətbuat katibi Sem Dousonun (Sam Dawson) sözlərinə görə, yalnız təqib, ələ keçirmə və dəniz quldurlarının həbsi və məhkəməyə cəlb edilməsi yaranmış qalmaqallı vəziyyəti aradan qaldırmağa imkan verəcək.

Dəniz quldurluğu bütün xalqların təhlükəsizliyinə təhdiddir və beynəlxalq həll tələb edir, - ABŞ-ın Bəhreyndəki 5-ci donanmasının mətbuat katibi Natan Kristensen (Nathan Christensen) hesab edir.

Biz, qanuni dəniz nizamı yaratmaq üçün dəniz quldurlarının və dənizdə sabitliyi pozan digər fəaliyyətlərin qarşısının alınması üzrə əməliyyatların davam etdirilməsinə sadiqik, - Kristensen elektron poçtla  Trend -a bildirib.

Beynəlxalq Dəniz Bürosunun məlumatlarına əsasən, yalnız cari ildə Ədən körfəzində 77 gəmi hücuma məruz qalıb, 200-dən çox ekipaj üzvü və 10 gəmi  hələ də Somali dəniz quldurları tərəfindən saxlanılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti