İran, Tehran, 06 noyabr / Trend , müxbir A.Namdari / İranın Mətbuata Nəzarət Şurası cümə axşamı "Şəhrvənd" həftəlik jurnalın bağlanmasına qərar verib. Bu barədə İranın Fars News agentliyi məlumat yayıb.
Məlumata əsasən, Mətbuata Nəzarət Şurası jurnalı hökumətin fəaliyyəti haqda düzgün məlumat yaymamaqda ittiham edib.
Çərşənbə günü İranın Ali dini rəhbəri Əli Xamenei İran mətbuatının hökumətə qarşı qara piar apardığını bildirmişdi.
"Hökumətə qarşı yalan və böhtan dolu məlumatlar yaymaqla gərgin siyasi atmosfer yaradanlar elə güman etməsinlər ki, Allah tərəfindən asan bağışlanacaqlar", - deyə İranın Ali dini rəhbəri bildirib.
İranın digər xəbər saytı "Əlif" də "Şəhrvənd" həftəlik jurnalının bağlanması barədə məlumat versə də, jurnalın bağlanmasının əsas səbəbi kimi direktorun olmamasını göstərib.
"Şəhrvənd" həftəlik jurnalının rəhbərləri bu xəbərlərlə bağlı hələ ki, heç bir münasibət bildirməyiblər. Bundan öncə isə "Şəhrvənd" jurnalı müxtəlif səpkili əsassız materiallar yaymaqda ittiham olunaraq İranın Mətbuata Nəzarət Şurası tərəfindən artıq xəbərdarlıq almışdı. "Şəhrvənd" İranın çoxtirajlı jurnallarından biridir.