Azərbaycan, Bakı, 10 noyabr / Trend , K.Zərbalıyeva/ Bakıda, noyabrın 8-də gecə saatlarında erməni əsilli Azərbaycan vətəndaşı həbsxanadan qaçmağa cəhd edib.
"11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Eqdar Eduardoviç Sarkisyan müəssisənin yük maşınları üçün nəzərdə tutulmuş qapısından qaçmağa cəhd göstərib", - bazar ertəsi Trend -a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
1985-ci il təvəllüdlü Sarkisyan Azərbaycan Cinayət Məsəlləsinin seksual xarakterli zorakılıq hərəkətlərin aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədilməsi (150.3.3-cü), döymə (132-ci) və cinayətlərin məcmusu üzrə cəzanın müəyyən edilməsi (66.3-cü) maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Sarkisyan qaçan zaman cəzaçəkmə müəssisəsinin mühafizəsini həyata keçirən bölüyün keşikçiləri silah tətbiq ediblər, nəticədə ayaq nahiyəsindən xəsarət alan məhbus yaxalanıb.
Sarkisyan hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində yerləşdirilib. Hadisə yerində Penitensiar Xidmətin rəhbərliyi və Binəqədi rayon Prokurorluğunun əməkdaşları olublar.
Sarkisyan barəsində prokurorluqda cinayət işi başlanılıb və fakt üzrə istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]