Azərbaycan, Bakı, 12 noyabr/ Trend , müxbir R.Novruzov/ Rumıniyanın xarici işlər naziri Lazer Komenesku Azərbaycana səfəri zamanı Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovla ikitərəfli danışıqlar aparacaq. Bu barədə Trend agentliyinə Rumıniyanın Bakıdakı səfiri Nikolay Ureke məlumat verib. Urekenin sözlərinə görə, xarici işlər nazirlərinin görüşü noyabrın 14-də Bakıda keçiriləcək IV Enerji Sammitindən sonra baş tutacaq. Komeneskunun Məmmədyarovla görüşü zamanı ikitərəfli münasibətlərin inkişafına dair geniş məsələlər spektri müzakirə ediləcək.
Bakıda IV Enerji Sammitində ən çox müzakirə edilən məsələlərdən biri "Odessa-Brodı" neft kəməri haqqında məsələ olacaq. Bu neft kəməri Xəzər neftini Mərkəzi Avropa ölkələrinə nəql etməlidir. Bəzi dövlət başçıları artıq sammitin işində iştiraka razılıq veriblər. Onların arasında Gürcüstan, Ukrayna, Polşa, Estoniya və Latviya prezidentləri var.