Azərbaycan, Bakı 13 noyabr / Trend , müxbir İ.Əlizadə, T.Cəfərov/ Azərbaycan parlamentinin deputatları İran parlamentində Azərbaycana qarşı səslənən fikirləri əsassız sayıblar.
"İran parlamentində Azərbaycana nota verilməsi ilə bağlı səslənən fikirlər, rəsmi Tehranın növbəti təzyiq vasitəsidir", - cümə axşamı Trend -a muxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Trend -un arayışı: İran parlamentinin nümayəndələri son iclaslarında iranlılarla yaxşı rəftar etmədiyi üçün rəsmi Bakıya etiraz olunmasını tələb ediblər. Bu barədə Farsnews xəbər agentliyi məlumat yayıb. İran parlamentinin 7 nümayəndəsi çərşənbə günü parlamentin açıq iclasında İranın XİN rəhbərindən rəsmi Bakıya etiraz etməsini istəyib. Onlar iranlı vətəndaşlara qarşı Azərbaycanda hörmətsizlik olduğunu bildiriblər.
İran parlamentinin Urmiyyədən olan nümayəndələri Cavad Cahangirzadə, Nadir Qazipur, Təbrizdən olan nümayəndə Məhəmmədrza Mirtacəddini, Qulpayqan şəhərindən olan Məhəmməd İbrahim Nikunam, Təfet şəhərindən olan nümayəndə Cəlal Yəhyazadə, Kəlibər şəhərindən olan nümayəndə Ərsilan Fəthipur və Bostan abad şəhərindən olan Əhəd Xəyyiri bu tələblə çıxış ediblər.
Hüseynin fikrincə, Azərbaycanda yaşayan və işləyən xarici ölkələrin vətəndaşlarına qarşı hər hansı təzyiqin olması ilə bağlı fakt yoxdur.
"Azərbaycanda yaşayan və işləyən İran vətəndaşları 1990-cı illərin əvvəllərindən etibarən qeyri-rəsmi olsa da müxtəlif imtiyazlar əldə etmişlər. Ola bilsin ki, hökumət indi həmin imtiyazları ləğv edib, ona görə də İran Azərbaycana təzyiq göstərmək istəyir",- Hüseyn əlavə edib.
İqtidaryönlü Ana Vətən Partiyasınını sədri, deputat Fəzail Ağamalı Trend -a açıqlamasında İran parlamentində aparılan müzakirələri absurd hesab edib. O qeyd edib ki, Azərbaycanda olan xarici vətəndaşlar ölkədə sərbəst yaşaya, hərəkət edə və işləyə bilirlər.
"İran parlamenti belə müzakirələr aparmaqdansa, İranda yaşayan azərbaycanlılarn ana dilində təhsil ala bilməməsi ilə bağlı ittihamlara cavab versə, daha yaxşı olar", - deyə o vurğulayıb.
Müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbil Ağazadə isə Trend -a bildirib ki, İran parlamenti Azərbaycanda yaşayan 2000 nəfərlik iranlının hüququnun pozulmasından danışmaqdansa, İranda yaşayan 30 milyonluq azərbaycanlının insan haqlarının təmin olunması üçün addım atmalıdır.
Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyona yaxın azərbaycanlı yaşayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]