Gürcüstan, Tbilisi, 14 noyabr / Trend müxbir N.Kirtsxaliya/ Tbilisidə Cənubi Qafqazın Narkotiklər əleyhinə Proqramı məhkəmə - ekspertiza laborotoriyası əməkdaşları üçün təlim seminarları keçirir. Seminarda Gürcüstandan, Azərbaycandan və Ermənistandan 30 ekspert iştirak edəcək, - BMT-nin İnkişaf Proqramının Tbilisi nümayəndəliyindən bildiriblər.
Tədbirin məqsədi müxtəlif ölkələrin laboratoriyaları arasında məlumat mübadiləsinin yaxşılaşdırılması və müasir metodologiyaların tətbiqinə yardım etməkdir.
Seminarda beynəlxalq və yerli ekspertlər tədbir iştirakçılarını narkoloji ekspertizanın yeni üsulları barədə məlumatlandıracaqlar.
Seminara hazırlıq prosesində Qafqaz ölkələrinin məhkəmə -ekspertiza laboratoriyaları arasında məsləhətləşmələr aparılıb.
Tədbirin yekunları əsasında hər bir ölkədə iki laboratoriya seçiləcək. Bu laboratoriyaların əməkdaşları 2009 - cu ilin əvvəlində Avropa İttifaqına səfər edəcəklər. Səfərdə məqsəd, bir tərəfdən, Qafqaz ölkələrinin laborotoriyalarında yeni metodların tətbiqi, digər tərəfdən, Qafqaz ölkələrilə Avropa İttifaqı laboratoriyaları arasında əlaqələrin yaradılmasıdır.
Cənubi Qafqazın Narkotiklər əleyhinə Proqramı Avropa İttifaqının təşəbbüsü, Qafqaz ölkələri hakimiyyətlərinin əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının iştirakı ilə həyata keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]