Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli qanunverici orqanda Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinə dair xüsusi dinləmələrin keçirilməsini vacib sayır.
"Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinə dair parlamentdə xüsusi dinləmələrin keçirilməsinə ciddi ehtiyac var. Çünki soydaşlarımızın vəziyyəti yaxşı deyil", - çərşənbə günü jurnalistlərə Müsavat deputat qrupunun üzvü Nəsibli bildirib.
Trend -un arayışı: Qeyr-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Onlar əsasən Kvemo-Kartel (Borçalı) bölgəsində məskunlaşıblar.
Nəsibli qeyd edib ki, bir necə dəfə Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətinin, problemlərinin parlamentdə müzakirə olunması təklifi ilə çıxış edib. Lakin heç bir nəticəsi olmayıb.
"Ən azı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında belə bir müzakirələr keçirmək olar", - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər davam edir. Nəsibli qeyd edib ki, bir ay əvvəl sakinləri tam olaraq azərbaycanlılardan ibarət olan Qoçulu kənd məktəbinin direktoru və müavini vəzifəsinə gürcüləri təyin ediblər. Kənd sakinləri isə buna etiraz ediblər.
"Gürcüstanda yaşayan azərbaycanlıların sayı sürətlə azalır. Oradakı icmanın heç də yaxşı olmayan vəziyyətində müsbətə doğru dəyişiklik yoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, orada yaşayan soydaşlarımız ciddi təhlükə ilə üzləşiblər. İki ilə əvvəl bütün məktəb direktorlarını dəyişərək gürcüləri təyin etmək istəyirdilər. Azərbaycandan buna reaksiya olduğu üçün dayandırdılar. İndi bir qədər sakitləşəndən sonra yenidən başlayıblar. Bütün baş verənlər onu göstərir ki, azərbaycanlılara qarşı təzyiqlər Gürcüstanın dövlət siyasətinə çevrilib. Çünki məktəb dövlətə məxsusdur və azərbaycanlılara qarşı təzyiqləri dövlət məmurları edir", - Nəsibli deyib.
Deputat vurğulayıb ki, soydaşlarımızın vəziyyətini yerindəcə araşdırmaq üçün Azərbaycan parlamentinin nümayəndə heyəti Gürcüstana səfər etməlidir. Nəsibli bildirib ki, dünya ölkələrinin parlamentlərində müxtəlif problemlərlə bağlı dinləmələr keçirilir. Lakin Azərbaycan parlamenti bu təcrübədən istifadə etmir. Onun fikrincə, belə dinləmələri qapalı şəkildə də keçirmək olar.
Gürcüstanın Azərbaycandakı səfiri Nikolaz Natbiladze isə azərbaycanlılara qarşı təzyiqlərin olması haqqında məlumatları təkzib edir: "Bütün bunlar mətbuatın yazdığı məsələlərdir. Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlərin olmasına dair heç bir fakt yoxdur".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]