Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədovun Trend - a müsahibəsi
- Bəzi məlumatlara görə, Yeni Azərbaycan Partiyası "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlayıb və parlamentə təqdim edib. Bu məlumat doğrudurmu və yeni layihədə nə nəzərdə tutulub?
- Yeni Azərbaycan Partiyası "Siyasi partiyalar haqqında" qüvvədə olan Qanunun təkmilləşdirilməsi və ya yeniləşdirilməsi məsələsini dəfələrlə parlamentdə qaldırıb. Biz yenə də həmin fikrimizdə qalırıq ki, "Siyasi partiyalar haqqında" Qanunun əhəmiyyətli dərəcədə yeniləşməsinə ehtiyac var. Bu barədə müxtəlif fikir və təkliflər səsləndirilib, yenə də müzakirələr aparılır. Amma Yeni Azərbaycan Partiyası bununla bağlı hər hansı layihə hazırlayıb, parlamentə təqdim etməyib. Mən çox təəssüf edirəm ki, bir sıra mətbuat orqanları, xüsusilə də müxalifət qəzetləri bu məsələni ya bilərəkdən, ya da bilməyərəkdən yalnış şərh edirlər. Biz Milli Məclisə qanun layihəsi təqdim etməmişik və parlamentdən də onu harasa göndərməyiblər. Amma biz yenə də hesab edirik k, "Siyasi partiyalar haqqında" Qanun ya əhəmiyyətli dərəcədə dəyişdirilməli, ya da bütövlükdə yeni Qanun qəbul olunmalıdır. Çünki 1992- ci ildə qəbul olunan Qanun Azərbaycanın bu günkü reallıqlarına, ümumiyyətlə, uyğun gəlmir. Bu məsələ ilə bağlı müzakirələrin aparılması bütövlükdə gələcəkdə yeni qanun layihəsinin parametrlərinin müəyyənləşməsinə və onun daha təkmil formada hazırlanmasına kömək edəcək.
Eyni zamanda, mən onun da tərəfdarı deyiləm ki, tələsik yeni qanun layihəsi hazırlayıb, qəbul etmək lazımdır. Ona görə də, müzakirələr aparılmalıdır, sonra bunun əsasında qanun layihəsi hazırlanıb, təqdim oluna bilər. Hesab edirəm ki, bunu çox da ləngitmədən qəbul etmək lazımdır.
- Yeni Azərbaycan Partiyası Qanunda hansı dəyişikliklərin edilməsini vacib sayır?
- Burada söhbət yalnız ondan getmir ki, Qanun mütləq dəyişdirilməlidir. Mən bu məsələyə daha geniş miqyasda yanaşıram. Bu da ondan ibarətdir ki, Azərbaycanda bütövlükdə partiyaların fəaliyyətinə yeni baxış ortaya qoyulmalıdır. Azərbaycanda neçə partiyanın olduğu məlum deyil. Biri 70, digəri 50 partiyanın olduğunu deyir. Mənə məlum deyil ki, partiyaların sayını dəqiq bilən var, ya yoxdur. Amma həqiqət ondan ibarətdir ki, Azərbaycanda mövcud partiyaların 5 -10 - u normal şəkildə, siyasi təşkilat kimi fəaliyyət göstərir. Yerdə qalanları isə - partiyaların sayı 70 - dirsə, 60 -partiya, 50 - dirsə, 40 partiya -- bütövlükdə partiya adını daşımaq parametrlərinə malik deyillər. Azərbaycan cəmiyyətində belə partiyaların mövcud olduğunu, ümumiyyətlə, heç kim düşünmür. Belə partiyalar nə zaman ortaya çıxır? Hər hansı bir siyasi təşkilat öz mövqeyini ortaya qoyanda, adı partiya olan, əslində isə, bir nəfərdən ibarət olan bu təşkilatlar da sənədə imza qoyub, həmin siyasi qüvvənin bəyanatına "daha qorxunc" görkəm vermək funksiyası yerinə yetirirlər. Bu, əslində, Azərbaycanda siyasi partiyalara olan ictimai inamın azalmasının əsas səbəblərindən biridir. Partiya mövcud olub fəaliyyət göstərməli və cəmiyyət həmin siyasi təşkilatı, onun rəhbər strukturlarını tanımalıdır, məramını, məqsədini bilməlidir, harada, necə və hansı maliyyə hesabına fəaliyyət göstərdiyindən xəbərdar olmalıdır. Bunların heç biri yoxdursa, onda bu partiyalar ləğv edilməlidir. Azərbaycanın partiya sistemində mövcud olan bütün bu xaosu aradan qaldırmaq və nizam - intizim yaratmaq, əl- ayağa dolaşan partiyaları - bunlara heç partiya da demək olmaz - aradan qaldırmaq üçün bir hüquqi bazanın yaranmasına ehtiyac var. Partiyalar necə qeydiyyatdan keçir, hansı hallarda siyasi təşkilatların fəaliyyətinə son qoyulmalıdır, fəaliyyəti uzun illər müşahidə edilməyən, seçki prosesinə qoşulmayan partiyalar fəaliyyətini davam etdirməlidirmi, partiyaların maliyyə mənbələri necə olmalıdır, maliyyə mənbələri qaranlıq olan siyasi təşkilatların partiya funksiyasına, maliyyə qaynaqları şübhəli partiyaların ölkənin siyasi həyatında hər hansı bir rola haqqı varmı - bütün bu suallara aydınlıq gətirilməlidir. Bu nəinki, sadəcə olaraq, şəxsi səviyyələrdə, müzakirələr müstəvisində həll olunmalıdır, eyni zamanda, aparılan müzakirələr çox etibarlı və kamil hüquqi bazanın yaranması ilə nəticələnməlidir.
- Əli müəllim, indi müzakirə olunan əsas məsələlərdən biri də partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Yeni Azərbaycan Partiyası hansı partiyaların dövlət büdcəsindən maliyyələşməsini mümkün hesab edir?
- Dövlət büdcəsindən maliyyələşmə məsələsinə də Azərbaycanın partiya sistemində bir nizam-intizam yaratdıqdan sonra qayıda bilərik. Hesab edirəm ki, bu, əsas şərtlərdən biridir. Siyasi təşkilatların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə gəlincə, bunu Azərbaycanda partiya demokratiyasının inkişafının vacib şərtlərindən biri hesab edirəm və mən də buna tərəfdaram.
Dünyada partiyaların maliyyələşməsinin müxtəlif modelləri var və bu modellərin birini seçmək mümkündür. Müxtəlif ölkələr və siyasi sistemlərdə, məsələn, Rusiya, Almaniya və Türkiyədə müxtəlif variantlar tətbiq olunur. Bütün bu variantlar ciddi şəkildə təhlil olunmalıdır. Amma partiyaların maliyyələşdirilməsi mexanizmi yaradılan zaman Azərbaycanın siyasi sistemi mütləq nəzərə alınmalıdır. İstənilən halda, partiyaların dövlətdən maliyyələşməsi ictimai dəstəklə əlaqələnməli, partiyaların seçkilərdə iştirakı və bu iştirakın nəticələri ilə bağlı olmalıdır. Bu, prezident, ya parlament seçkisi ilə, yaxud partiyaların parlamentdəki yerlərinin sayı ilə bağlı olacaqmı - bu variantların üzərində düşünmək, təhlil aparmaq və bundan sonra qərar qəbul etmək olar. Məsələyə formal - mən partiya yaratmışam, dövlət bunu maliyyələşdirməlidir prizmasından yanaşılmanın qəti əleyhinəyəm. Dövlət partiyaları ona görə maliyyələşdirməlidir ki, həmin təşklatlar ölkənin siyasi həyatında fəal iştirak etsin və buna öz töhfələrini vermək istəsinlər və bu istəyi realizə etmiş olsunlar. Bu məsələdə kənarda qalan partiyaların dövlət büdcəsindən maliyyələşməsi tamamilə məntiqsizdir.
- Partiyaların maliyyələşməsi məsələsində Azərbaycan modelinin olması mümkündürmü?
- Artıq bütün dünyada sınaqdan keçmiş bir neçə model var. İstənilən halda, yeganə ədalətli forma ondan ibarət olacaq ki, partiyaların maliyyələşməsi məsələsi ictimai dəstək nəzərə alınmaqla həll olunsun. Bundan kənar hansı variantı qəbul etsək, ədalətli olmayacaq. Yəni - partiya varsa, dövlət onu maliyyələşdirməlidir- prinsipi tətbiq olunsa, ədalət mexanizmi əhəmiyyətli şəkildə pozular. Keçirilən seçkilərdə nə qədər ictimai dəstəyə malik olursansa, dövlətin ayırdığı vəsait buna uyğun olaraq, partiyalar arasında bölünməlidir. Ən ədalətli variant budur. Kimsə bunu az hesab edirsə, növbəti seçkidə ictimai dəstəyinin gücləndirilməsinə çalışsın və buna nail olsa, onda daha çox maliyyə alsın.
- Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması ilə bağlı təkliflər səsləndirilir. Yeni Azərbaycan Partiyasını təmsil edən bir neçə deputat da buna tərəfdar olduğunu bildirib. Ən azı, partiyaların ölkənin siyasi sistemində rolunun artırılması üçün, bu vacib hesab olunur. Necə hesab edirsiz, məsələnin belə qoyuluşuna ehtiyac varmı?
- Cəmiyyətdə partiyaların rolunun artırılmasının çoxlu vasitələri var. Mən guman etmirəm ki, partiyanın siyasi sistemdə rolunun artırılması proporsional sistemin tətbiq edilməsindən keçir. Mən çoxlu sayda ölkələr saya bilərəm ki, orada partiyalar cəmiyyətin siyasi həyatında kifayət qədər əhəmiyyətli rol oynayır. Amma həmin ölkələrdə mojaritar seçki sistemi tətbiq olunur. Məsələn , Böyük Britaniyada , ABŞ - da partiyalar ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayır və çox dərin ənənələri olan partiyalar formalaşıb. Partiyaların cəmiyyətdə rolunun artırılmasının proporsional seçki sisteminin tətbiq olunması ilə bağlı olduğunu iddia etmək düzgün olmazdı. Mən onunla razıyam ki, cəmiyyətdə partiyaların rolunun artırılmasına ehtiyac var və buna çalışmaq lazımdır. Amma hesab etmirəm ki, bunun yeganə yolu proporsianal seçki sisteminin tətbiqidir.
Ümumiyyətlə, proporsional seçki sisteminin bərpa olunmasına gəldikdə, dünyada müxtəlif modellər və hər birinin də öz üstünlükləri var. Heç bir ölkə öz modelini pisləmir. Bu o deməkdir ki, hər bir model tətbiq oluna bilər. Hər hansı bir ölkənin seçdiyi modelə görə günahlandırılması düzgün deyil. O cümlədən, Azərbaycanda proporsional yox, mojaritar sistem tətbiq edilməsi əsasında ittihamlar irəli sürmək də düzgün deyil; çoxlu sayda ölkələr var ki, onlarda yalnız mojaritar sistem tətbiq olunur. Azərbaycan da belə ölkələrdən biridir. Məsələnin kökü bunda deyil.
- Son zamanlar müxalifət düşərgəsində yeni birliyin yaradılması ilə bağlı müzakirələr aparılır. Müxalifətin birləşmək və Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq perspektivlərini necə görürsünüz?
- Müxalifət partiyalarının Yeni Azərbaycan Partiyası ilə, ən azı, təsəvvür olunan perspektivdə, rəqabət apara bilməsi qeyri - mümkündür. Müxalifət partiyaları arasında birləşməklə bağlı müzakirələrin aparılması bizi, ümumiyyətlə, narahat etmir. Hesab edirəm ki, bu, müxalifət partiyalarının daxili işidir. Amma mən öz müşahidələrimi deyə bilərəm. Bu da ondan ibarətdir ki, indiyə qədər müxalifət partiyaları arasında birləşmək mövzusu və şüarı altında aparılan bütün müzakirlər partiyaların parçalanması ilə nəticələnib. Hesab edirəm ki, bu ənənə dərin köklərə malikdir və ola bilsin, bunu yenidən görəcəyik.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]