...

Bakıda müəllim düzəltmək adı ilə xeyli miqdarda pul mənimsəmiş şəxs tutulub

Siyasət Materials 24 Noyabr 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir S. Kazımlı / Bakıda 43 yaşlı qadını Sənaye Pedaqoji Texnikumuna müəllim düzəltmək adı ilə ondan xeyli miqdarda pul alıb mənimsəyən şəxs tutulub. Dələduzluq etməkdə təqsirləndirilən şəxs 64 yaşlı Bakı sakini Məmməd Orucəli oğlu Məmmədovdur. Bu barədə Səbayel rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend - a məlumat verilib.

RP İ - dən bildiriblər ki, Bakı sakini Elmira Cavid qızı Axundova bir müddət əvvəl polisə müraciət edərək bildirib ki, bu ilin avqustunda Məmmədov rayon ərazisində onu Sənaye Pedaqoji Texnikumuna müəllim düzəltmək adı ilə 4500 manat pulunu alaraq mənimsəyib.

Polis əməkdaşlarının apardıqları araşdırma zamanı, Məmmədovun əməlində cinayət tərkibi olduğu üçün, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədilməsi (178.2.4 - cü) maddəsi ilə cinayət işi başlayaraq, barəsində axtarış elan ediblər.

Səbayel RPİ 9 - cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, bazar günü Məmmədov tutularaq istintaqa təhvil verilib.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti