Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir İ.Xəlilova, İ.Əlizadə/ Azərbaycan parlamenti çərşənbə axşamı keçirilən plenar iclasda səs çoxluğu ilə (92 səs lehinə və 8 səs əleyhinə) 2009-cu ilin dövlət büdcəsini təsdiq edib.
Büdcə gəlirləri ÜDM-in 12,177 mlrd. manatını və ya 27,9 faizini, xərclər ÜDM-in 12,355 mlrd. manatanı və ya 28,3 faizini, defisitlər isə ÜDM-in 178 mln. manatını və ya 0,4 faizini təşkil edəcək.
Azərbaycanın 2009-cu il dövlət büdcə proqnozları bir barelə görə 70 dollar neft qiymətləri və bir ABŞ dollarına görə 0,8 manat mübadilə məzənnəsi ilə hesablamalar əsasında hazırlanıb.
Vergilər Nazirliyi dövlət büdcəsinə 5,75 mlrd. manat (2008-ci illə müqayisədə 6,9 faiz artım ilə) daxilolmaları təmin etməlidir. Neft sektorunda vergi daxilolmaları 2,68 mlrd. manat (2008-ci illə müqaiyisədə 7,6 faiz azalma ilə), qeyri-neft sektorundan isə 3,07 mlrd. manat (23,8faiz artım ilə) həcmində planlaşdırılıb.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1,3 mlrd. manat (17,1 faiz artım ilə), Dövlət Neft Fondundan köçürmələr 4,915 mlrd. manat, dövlətdən maliyyələşən təşkilatların büdcədən kənar vəsaitlərindən 137 mln. manat, başqa daxilolmalardan 70,3 mln. manat səviyyəsində vəsait gözlənilir.
Məqsədli proqramların maliyyələşdirilməsi üzrə xərclər strukturuna 5,492 mlrd. manat, sosial xərclərə 4,024 mlrd. manat, qalan vəsaitlər isə başqa məqsədlərə yönəldiləcək.
2009-cu ildə QHT-lərə dəstək üçün dövlət büdcəsində 2,8 mln. manat, ilk dəfə olaraq KİV-ə dəstəyə 1,3 mln. manat, sosial ipotekaya 14,5 mln. manat, avtomobil yollarının yaxşılaşdırılmasına 334 mln. manat ayrılacaq.
Azərbaycanın ümumi büdcə gəlirləri 22,68 mlrd. manat, büdcə xərcləri 14,758 mlrd. manat nəzərdə tutulub. 2008-ci ilin proqnozları ilə müqayisədə gəlirlər 29,9 faiz (5,215 mlrd. manat), xərclər isə 15,5 faiz (1,98 mlrd. manat) artacaq.
2009-cu ilin birləşdirilmiş büdcəsi 7,922 mlrd. manat profisit, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan ÜDM-in 6,645 mlrd. manatı və ya 15,2 faizi səviyyəsində defisit ilə proqnozlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]