Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbirlər S. Kazımlı, K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin Nərimanov rayon Mühafizə İdarəsi Əbu Bəkr məscidinin mühafizəsini təşkil etməkdən imtina edib. Buna səbəb kimi əlavə polis əməkdaşının olmaması göstərilib. Bu barədə çərşənbə axşami Trend - a Nərimanov rayon Mühafizə İdarəsindən məlumat verilib.
Nərimanov rayon dindarlarının dini icması Əbu Bəkr məscidinin təhlükəsizliynin təmin olunması üçün polis mühafizəsinin ayrılması ilə bağlı Nərimanov rayon Mühafizə İdarəsinə müraciət edib. Müraciətdə dindarlar öz hesablarına Əbu Bəkr məscidinə polis mühafizəsi ayrılmasını və ərazidə post yaradılmasını xahiş ediblər.
DİN Baş Mühafizə İdarəsi və onun rayonlardakı idarələri ödənişli əsaslarla bazarlarda, ticarət mərkəzlərində və başqa yerlərdə təhlükəsizliyi təmin edirlər.
Rayon Mühafizə İdarəsindən bildiriblər ki, hazırda onlarda əlavə polis əməkdaşlarının olmadığı üçün, Əbu Bəkr məscidinin mühafizəsinin təşkil etmək imkanları olmayıb. Buna görə, onlar məscidin mühafizəsini təşkil edə bilməyəcəkləri haqda Nərimanov rayon dindarlarının dini icmasının nümayəndəsi Cavanşir Süleymanova cavab məktubu ünvanlayıblar.
Trend - un arayışı: Bu il avqustun 17 - də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsi barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.
Rayon Mühafizə İdarəsindən əlavə ediblər ki, onlar obyektlərin mühafizəsi üçün müqavilələri 6 aylıq və yaxud da bir illik bağlayırlar. Nərimanov rayon dindarlarının dini icması isə, Əbu Bəkr məscidinin mühafizəsi üçün onlarla 1-2 aylıq müqavilə bağlamaq istədiklərini bildiriblər.
DİN Baş Mühafizə İdarəsinin rəisi, general - mayor Mədət Quliyev çərşənbə axşamı Trend - a bildirib ki, dindarların onlara müraciətindən xəbərsizdir.
"Bizim idarəyə müraciət olunarsa, məscidin mühafizəsini problemsiz təmin edərik", - Quliyev əlavə edib. Onun sözlərinə görə, xidmət müqavilə əsasında, ödənişli həyata keçirilir və tariflər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib. "İndiyə qədər idarə ilə müqaviləsi olan obyektlərlə bağlı problem olmayıb. İnanıram ki, dindarlar müqavilə bağlasalar, məcsidin mühafizəsində problem yaşanmaz", - Quliyev bildirib.
DİN Baş Mühafizə İdarəsi ölkədə 10 mindən artıq özəl və dövlət obyektinin mühafizəsini təşkil edir. Mühafizə olunan obyektlər arasında hələlik dini ibadət yerləri yoxdur.
Süleymanov çərşənbə axşamı Trend - a bildirib ki, DİN Baş Mühafizə İdarəsinin Nərimanov rayon Mühafizə İdarəsinə, öz hesabımıza orada polis postunun yaradılması ilə bağlı müraciət olunub, hələ ki, idarədən cavab alınmayıb.
Məscidin mühafizəsini hələlik "Saturn İnternational" özəl firmasının mühafizə xidməti təmin edir. Həmin şirkətlə iki aylıq müqavilə imzalanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]