...

Bakıda müəllimə işləyən Filippin vətəndaşına qarşı soyğunçuluq edilib

Siyasət Materials 28 Noyabr 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir S.Kazımlı/ Bakının Səbayel rayonu ərazisində Filippin vətəndaşına qarşı soyğunçuluq edən şəxslər tutulub. Bu barədə Səbayel rayon Polis İdarəsindən (RPİ) çümə günü Trend - a məlumat verilib.

Rayon Polis İdarəsindən bildiriblər ki, cümə axşamı saat 20:00 radələrində Tərlan Əliyarbəyov küçəsində, həmin küçədəki 57 saylı evdə kirayə yaşayan, Filippin Respublikasının vətəndaşı Maril Lotiranın, içərisində 40 manat pul və iki mobil telefon olan əl çantasını alıb qaçdıqlarına görə, tüfeyli həyat tərzi keçirən 1993 - cü il təvəllüdlü Seymur İsmayılov və Elçin Əmirov tutulublar. Maril Lotiranın Bakıdakı Beynəlxalq orta məktəbdə müəllim işlədiyi bildirilir.

Fakla bağlı Səbayel RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törədilməsi (180.2.1- ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxslərin təqsiri istintaqda və ya məhkəmədə sübuta yetirilərsə, həmin şəxslər əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti