...

Hillari Klinton İsrail - Fələstin münaqişəsi ilə bağlı əvvəlki siyasətdən imtina edəcək

Siyasət Materials 6 Dekabr 2008 12:49 (UTC +04:00)
Hillari Klinton İsrail - Fələstin münaqişəsi ilə bağlı əvvəlki siyasətdən imtina edəcək

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir Ü. Sadıqova/ ABŞ - ın yeni Dövlət Katibi Hillari Klinton, Fələstin - İsrail münaqişəsinin həlli üçün əvvəlki, yalnız bir tərəfin marağını nəzərə alan təcrübədən istifadə etməyəcək.

"Ağ Evin siyasətini təkcə Hillari Klinton dəyişməyəcək, ABŞ - ın bütün yeni məmurları bunu edəcəklər. Amma münaqişəyə (Fələstin -İsrail münaqişəsinə) əhəmiyyətsiz dəyişikliklərin edilməsi o demək deyil ki, o, yaxın vaxtlarda həll olunacaq", - Beynəlxalq Münasibətlər Kral İnstitutunun (Royal Institute of International Affairs) Çatham Haus (Chatham House) Yaxın Şərq Proqramının şərhçisi Yossi Mekelberq (Yossi Mekelberg) Trend - a telefonla deyib.

Bazar ertəsi Barak Obama ABŞ - ın Dövlət Katibi vəzifəsinə Hillari Klintonun - Amerikanın keçmiş prezidenti (1993 -2001) Bill Klintonun həyat yoldaşının namizədliyini irəli sürüb. Hillari Klinton Obamanın inaqurasiyasından - yanvarın 20 - dən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Onun fəaliyyətinin əsas sahəsi Birləşmiş Ştatların xarici siyasəti ilə bağlı olacaq, dövlət katibi vəzifəsi digər ölkələrdəki xarici işlər naziri vəzifəsinə oxşardır.

H.Klintonun sələfi, Dövlət Katibi Kondoliza Rays beş il ərzində ABŞ -ın Yaxın Şərqdəki siyasəti, xüsusən də Fələstin - İsrail münaqişəsi üzrə ən parlaq siyasətçilərdən biri olub. Rays bu münaqişədə İsrailin tərəfdarı kimi daha çox yadda qalıb.

Hələ prezidentliyə namizəd olarkən, H.Klinton dəfələrlə İsrail siyasətinə rəğbətini ifadə edib.

Ərəb dünyasında Hillari Klintonun ABŞ -ın Dövlət Katibi vəzifəsinə təyinatından narahatdırlar, çünki o, Amerika qoşunlarının İraqa müdaxiləsini dəstəkləyib. Eyni zamanda, xanım Klinton İranın ünvanına çox kəskin bəyanat verib və "İsrailə hücum edəcəyi halda, İranı yer üzündən silmək" barədə danışıb.

Bu səbəbdən, Fələstin məsələsində çox şey Klintonun ABŞ - dakı yəhudi lobbisi ilə əməkdaşlıq etmək istəyindən asılı olacaq. Fələstinli repatriantların hüquqlarını müdafiə edən "Auda" təşkilatının rəhbəri Məzid əl-Zir hesab edir ki, bu, Fələstinin maraqlarına ziddir.

"Klinton İsrailin maraqlarını Fələstindən üstün tutarsa, heç bir sülh olmayacaq, əksinə, vəziyyət daha da gərginləşəcək", - əl-Zir Trend - a Londonla telefonla bildirib.

ABŞ -ın siyasətinin dəyişməsi vacibdir, çünki Ştatların keçmiş siyasi kursu tamamilə İsrail maraqlarının müdafiəsinə əsaslanıb, - fələstinli şərhçi belə düşünür.

Hillari Klinton hələ 2001- ci ildə Nyu -York senatoru olarkən İsrailyönlü siyasətçi kimi tanınıb. Buna görə də, İsrailin siyasi dairələrində onun Dövlət Katibi seçilməsini yalnız alqışlayırlar, - israilli siyasətçi, sağ düşərgənin nümayəngəsi Mixail Klyaner deyib.

"Klintonun İsrailyönlü baxışları Yaxın Şərqdə sülhün iirəliləməsinə yardım edəcək, Obamanın xarici siyasət kursu da buna yönəlib", - İsrail siyasətçisi Trend - a deyib.

Hillari Klinton İran təhlükəsi əleyhinə yönələn bəyanatları ilə İslam Respublikasına anlamağa imkan verib ki, İsrailə zərbənin əvəzi ona "çox baha" başa gələcək.

Amma bəzi ekspertlər hesab edirlər ki, Buş siyasətinin dövrü bitib, çünki Amerikanın yeni seçilən prezidenti Obama ABŞ - ın yeni xarici siyasət kursu proqramının qəbul olunacağını bəyan edib.

Hillari Klinton Fələstin - İsrail dialoqlarında aparıcı ABŞ siyasətçisi rolunu oynamayacaq, Obamanın siyasətinin realizəsi üçün başlıca alət olacaq, - 1978 - 2003 - cü illərdə bir - birini əvəz edən altı Dövlət Katibinin Fələstin - İsrail məsələsi üzrə müşaviri olmuş Aaron Devid Miller hesab edir.

"Diqqəti Barak Obamanın yanaşmalarına və onun bu münaqişəni necə həll edəcəyinə cəmləmək vacibdir", - Vudro Vilson adınıa Siyasi Mərkəzin (Woodrow Wilson Center Public Policy) elmi əməkdaşı Miller Vaşinqtondan Trend - a telefonla söyləyib.

Onun sözlərinə görə, Obama və Klinton Corc Buşla Kondoliza Raysın səhvlərini təkrar etməyəcəklər. Çünki sonuncuların siyasətində emosiya fəaliyyətdən daha çox olub.

Hakim partiya ilə digər qruplaşmalar arasında Fələstin prezidentliyi uğrunda mübarizə regionun siyasi cəhətdən pərakandəliyindən xəbər verir. Bu səbəbdən, ABŞ - ın fələstinlilərin maraqlarına biganə qalması vacibdir, - ərəb şərhçisi əl-Zir belə düşünür.

"Klinton Fələstin -İsrail dialoqunda Buşun siyasətini davam etdirərsə, bu, Fələstinin müstəqil siyasətinə son verəcək", - fələstinli şərhçi belə deiyb.

Amma ABŞ - ın xarici siyasətində dəyişikliklər artıq hiss olunur - Vaşinqton İsrailin Qəzzə Zolağının mühasirəsinə son qoymasının zəruriliyi barədə kəskin bəyanatla çıxış edib.

"İsrailin Fələstin əleyhinə bu manevrini ABŞ -ın tənqid etməsi Vaşinqtonun siyasi kursunun dəyişməsini göstərir", - əl-Zir əlavə edib.

İraqdan və Əfqanıstandan fərqli olaraq, Fələstin - İsrail dialoqu vaxt və probelmə təkrar baxılması cəhdlərini tələb edir, - britaniyalı şərhçi Mekelberq hesab edir.

"Əvvəlki təcrübədən istifadə etmək lazım deyil, amma əldə olunan uğurları da unutmaq olmaz, onları davam etdirmək lazımdır", - o deyib.

Mekelberqin sözlərinə görə, yeni imkanlar hərbi deyil, diplomatik yolla realizə olunmalıdır.

"İsraillə Fələstin arasında kompromis əldə olunması Fələstin - İsrail münaqişəsində əsas məsələ olaraq qalır, buna görə də üçüncü tərəfin iştirakı vacib deyil", o qeyd edib.

Hillari Klintonun Fələstin -İsrail münaqişəsi ilə bağlı baza prinsipləri İsrailin mövcudluğunun əvəzində, Qəzzə Zolağında və İordan çayının Qərb sahilində müstəqil Fələstin dövlətinin yaradılmasında və onunla və digər ərəb dövlətləri ilə diplomatik münasibətlərin qurulmasındadır.

İsraillə Fələstin arasında müharibə 1948 - ci ildə İsrailin Fələstin ərazilərində özünü müstəqil dövlət elan etməsindən sonra başlayıb. Müharbiə 1967-ci ildə İsrail Yerusəlim üzərində nəzarət əldə edəndən sonra daha geniş miqyas alıb.

ABŞ -ın daha fəal rolu 2007- ci ildə Amerikanın Annapolis şəhərində keçirilən konfransda ortaya çıxıb. burada "Yaxın Şərq kvartetinin" - YŞK (Rusiya, BMT, Aİ, ABŞ) yardımı ilə hazırlanmış "yol xəritəsi"ni bir az da uzatmaq qərara alınıb. Layihənin əsas məqsədi eyni ərazidə ümumi paytaxt - Yerisəlim olmaqla, iki dövlətin (İsrail və Fələstin) yaradılmasıdır.

Müəlilflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti