...

Ümummilli lider Heydər Əliyevə həsr edilən "Böyük ömrün dastanı" kitabının təqdimat mərasimi keçirilib (video)

Siyasət Materials 11 Dekabr 2008 14:08 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevə həsr edilən "Böyük ömrün dastanı" kitabının təqdimat mərasimi keçirilib (video)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir A.Hüseynbala / Xalq şairi Zəlimxan Yaqubun ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Böyük ömrün dastanı" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov deyib ki, Heydər Əliyevə olan xalq sevgisi illər ötdükçə daha da güclənir.

"Artıq beş ildir ki, mərhum dövlət başçısının dəfn olunduğu yer Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilib. Bu, xalqın ona olan məhəbbətinin ifadəsidir. Bu o deməkdir ki, Heydər Əliyev bu gün də bizimlədir", - o deyib.

Əhmədovun sözlərinə görə, Azərbaycanın bugünki nailiyyətləri Heydər Əliyevin yaratdığı bünövrə üzərində qərar tapıb.

"Bütün bu nailiyyətlərin layiqli və uğurlu davamçısı bu gün Azərbaycan prezidenti İlham Əliyevdir", - Əhmədov əlavə edib.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Şurasında şöbə müdiri işləyib. 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarına işə göndərilib. 1964-cü ildən Heydər Əliyev Azərbaycan SSR Nazirlər Şurası yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsini tutub, ona general-mayor rütbəsi verilib. Heydər Əliyev bu illərdə Leninqradda (indiki Sankt-Peterburq - red.) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə, Azərbaycan Dövlət Universistetinin tarix fakültəsini bitirib.

1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Azərbacyan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında o, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

1987-ci ilin oktyabrında Heydər Əliyev Sov.İKP MK-nın və şəxsən Baş katib Mixail Qorbaçovun apardığı siyasətə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı faicə ilə əlaqədar olaraq, Heydər Əliyev növbəti gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarını cəzalandırmağı tələb edib. 1991-ci ilin iyununda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini vəzifəsini tutub. 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilib.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-dən isə, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Heydər Əliyev respublikanın prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də seçkilərdə 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə öz namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhəti ilə bağlı, seçkilərdə iştirakdan imtina edib.

Həmin il dekabrın 12-də Azərbaycanın ümummilli lideri, prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında, Klivlend klinikasında vəfat edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti