Böyük Britaniya, London, 21 dekabr / Trend , müxb. G.Əhmədova/ Neft ixrac və idxal edən ölkələrin enerji nazirlərinin görüşü bu ölkələrin əməkdaşlığına, xüsusilə onlar arasında bilavasitə dialoqun qurulmasına və dünya bazarlarında neftin qiymətinin sabitləşdirilməsinə həsr olunub. Bu barədə Londonda neft ixrac və idxal edən ölkələrin enerji nazirlərinin görüşünü açan Böyük Britaniyanın baş naziri Qordon Braun bildirib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend -a verilən məlumata görə, görüşdə OPEC daxil olmaqla dünyanın 30-a yaxın ölkəsinin enerji və neft nazirləri, habelə Beynəlxalq Enerji Agentliyi (BEA), Beynəlxalq Enerji Forumu (BEF), o cümlədən bir sıra milli və beynəlxalq neft şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirdə Böyük Britaniyanı baş nazir Qordon Braun, Enerji və İqlim dəyişikliyi üzrə nazir Ed Miliband təmsil edib.
Müzakirələr nəticəsində neft ixrac və idxal edən ölkələr arasında birbaşa dialoqun qurulmasının müxtəlif vasitələri, xüsusilə neft satışı bazarında şəffaflığın yaradılması və effektivliyin artırılması xüsusi diqqət mərkəzində olmuşdur. Bundan əlavə, tədbirdə alternativ və yenilənən enerji mənbələrinin əldə olunması vasitələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.