Könüllü olaraq İsraillə mübarizə aparmaq üçün Fələstinə getmək istəyən iranlı tələbələr qeydiyyatdan keçirlər, - İranın Fars agentliyi bazar ertəsi xəbər verib.
İsrailin Qəzzə Zolağına hücumu ilə əlaqədar, İranın Ali dini lideri Əli Xamenei dekabrın 29-nu ölkədə matəm elan edib və bildirib ki, dünya müsəlmanları Qəzzə əhalisinin müdafiəsinə qalxmalıdırlar.
İranın Ali dini rəhbəri dekabrın 28- də bildirib ki, Qəzzənin dinc əhalisinin müdafiəsində həlak olanların hər biri şəhiddir, - İranın "Fars" İnformasiya Agentliyi xəbər verib. O, sionistləri kafir adlandırıb və Fələstin xalqının taleyinə biganə qaldıqları üçün ərəb ölkələrini pisləyib.
İranın dini liderinin bəyanatına cavab olaraq, ali təhsil məktəblərinin tələbələri qeydiyyatdan keçməyə başlayıblar.
İsrail HHQ şənbə günü Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 27-də İsrailin hərbi əməliyyatları nəticəsində 300 nəfər həlak olub, daha 700 nəfər yaralanıb.