...

20 Yanvar faciəsi ilə bağlı Rusiyanın hüquq - mühafizə orqanlarına ünvanlanmış sorğulara müsbət cavab verilməyib

Siyasət Materials 17 Yanvar 2009 11:30 (UTC +04:00)
20 Yanvar faciəsi ilə bağlı Rusiyanın hüquq - mühafizə orqanlarına ünvanlanmış sorğulara müsbət cavab verilməyib

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ 1990 - cı ilin 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Baş Prokurorluğunun Rusiya Federasiyasının hüquq - mühafizə orqanlarına ünvanladığı sorğulara indiyədək müsbət cavab verilməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend -a bildirib ki, hadisədən sonra SSRİ Baş Brokurorluğu tərəfindən cinayət işi başlanıb. Həmin müddətdə 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb.

Materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq -mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Sultanov bildirib ki, SSRİ Baş Prokurorluğunda aparılmış istintaqla hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlinərək, 1990 - cı il dekabrın 20 - də cinayət işinin icraatına xitam verilib.

Xitam qərarı Azərbaycan Baş Brokurorluğu tərəfindən 1992-ci il fevralın 14 - də ləğv edilib, həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94 - cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma), 255-ci (hakimiyyətdən sui - istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, törədilmiş cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb və bununla da, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

1994-cü ildə  hadisə baş verən zaman Azərbaycan  KP MK - nın birinci katibi olmuş Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün, barələrində, həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Cinayətdə təqsirli bilinən, həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan  KP MK - nın 2-ci katibi Viktor Polyaniçko vəfat etdiklərindən, onların barəsində cinayət işinə xitam verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti