...

Azərbaycanın "Nabukko" qaz kəməri layihəsinə qoşulmaq barədə qərarı qazın qiymətindən asılı olacaq - prezident İlham Əliyev

Siyasət Materials 27 Yanvar 2009 12:12 (UTC +04:00)
Azərbaycanın "Nabukko" qaz kəməri layihəsinə qoşulmaq barədə qərarı qazın qiymətindən asılı olacaq - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir A.Bədəlova/ Azərbaycanın "Nabukko" qaz kəmərinin tikintisi layihəsinə qoşulmaq barədə qərarı ölkənin öz qazına görə alacağı qiymətdən asılı olacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bloomberg telekanalına müsahibəsində bildirib. Bu haqda məlumat Amerika agentliyinin saytında yerləşdirilib.

"Rəqabət olarsa, əlbəttə ki, qiymət də qalxacaq. Əgər diversifikasiya yoxdursa, demək qazın həmişə bazar qiymətləri ilə alınacağına zəmanət də yoxdur" , - deyə İlham Əliyev Budapeştdə Bloomberg-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan boru kəmərinin tikintisi dəqiqləşdikdən sonra "Nabukko" boru kəməri ilə qaz tədarük edib-etməyəcəyinə, maliyyə məsələlərinə, tranzit ödəmələrinə dair qərar verəcək. 

İlham Əliyev qeyd edib ki, Xəzəryanı ölkələrin bu il 27 mlrd. kubmetr yanacaq hasil edəcəkləri gözlənilir.

"Nə qədər ki, tranzit məsələləri, "Nabukko" və ya digər nəqliyyat marşrutlarının tikintisi ilə bağlı məsələlər həll olunmayıb və biz hələ bilmirik, bu nə vaxt baş verəcək və ümumiyyətlə baş verəcəkmi - Azərbaycanın layihəyə qoşulmağı barədə danışmaq çox tezdir", - deyə prezident bildirib.   

Onun sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti Azərbaycandan bazar qiymətləri ilə qaz almaq təklifini irəli sürüb və ölkə bu təklifi də nəzərdən keçirir.

"Əlbəttə, məsələnin maliyyə hissəsi olduqca mühümdür", - deyə İlham Əliyev bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010-cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]   

Xəbər lenti

Xəbər lenti