...

Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Rusiyanı qurumun qəbul etdiyi Qətnaməyə əməl etməməkdə günahlandırıb

Siyasət Materials 28 Yanvar 2009 11:40 (UTC +04:00)
Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Rusiyanı qurumun qəbul etdiyi Qətnaməyə əməl etməməkdə günahlandırıb

Fransa, Strasburq, 28 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Rusiya tərəfini qurumun qəbul etdiyi Qətnaməyə əməl etməməkdə günahlandırıb.

"Təəssüflər olsun ki, Rusiya qurumun qəbul etdiyi Qətnamədən irəli gələn tələbləri nəinki yerinə yetirib, hətta tamamilə ona əks olan hərəkətlər edib. Tələblərdən biri separatçı rejimlərin tanınmasının ləğv edilməsidir. Rusiya tam əksinə hərəkət edərək sözügedən bu separatçı  rejimlərlə ikitərəfli müqavilələr imzalayıb və bu ərazilərə müstəqil dövlətlər kimi səfirlər təyin edib", - çərşənbə günü Trend -a  "Gürcüstanda müharibənin nəticələrinə dair" qəbul edilmiş 1633 saylı Qətnamənin yerinə yetirilməsi məsələsini şərh edərkən Gürcüstanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Petre Tsiskarişvili bildirib.

Trend -un arayışı: Ötən ilin oktyabrında"Gürcüstanda müharibənin nəticələrinə dair" 1633 saylı Qətnamə qəbul edilib.

"Gürcüstan və Rusiya arasında münaqişənin nəticələri" mövzusunda 1633 saylı Qətnamə AŞPA-nın oktyabrın 2-də keçirilmiş plenar iclasında qəbul edilib. Qətnamədə deyilir ki, "Cənubi Osetiyada müharibənin başlaması gözlənilməz xarakter daşıya bilərdi. Lakin müharibə təxribatlar və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə müşayiət olunan gərginliyin ciddi şəkildə yüksəlməsinin nəticəsi oldu". AŞ PA hesab edib ki, Rusiyanın faktiki nəzarəti altında olan rayonlarda insan hüquqlarının, humanitar hüququn pozulmasına görə, tam məsuliyyət RF-nin üzərinə düşür.

Tanınmamış Cənubi Osetiya respublikasında hərbi əməliyyatlar avqustun 8-nə keçən gecə başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil oldular. Sonradan Rusiya qoşunları şəhəri tutub, gürcü hərbçilərini Gürcüstan ərazisində sıxışdırdılar. Rusiya avqustun 26-da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər quruldu.

Tsiskarişvili bildirib ki, qətnaməyə görə regionda beynəlxalq sülhməramlılar yerləşdirilməlidir. Lakin Rusiya birtərəfli qaydada ATƏT-in münaqişə zonasındakı missiyasına qarşı çıxıb.

"Qətnamədə aydın şəkildə etnik təmizlənməyə son qoyulmasının, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsinin asanlaşdırılmasının vacibliyi göstərilir. Amma Rusiya bu prosesə nəinki yardımçı olub, əksinə gürcülərin etnik təmizlənməsinə şərait yaradıb", - nümayəndə heyətinin rəhbəri əlavə edib.

Tsiskarişvilinin sözlərinə görə, Gürcüstanın işğalı davam etməkdədir və rəsmi Tbilisi istəyir ki, Avropa Şurasının qəbul edəcəyi yeni Qətnamələri keçən ilin oktyabrında qəbul edilmiş Qətnaməyə bənzər olsun və aidiyyəti olan ölkənin ondan irəli gələn şərtləri yerinə yetirməsinin vacibliyini aydın surətdə göstərsin.

Bu gün "Gürcüstandakı müharibənin nəticələrinə dair" sözügedən Qətnamənin müzakirəsi olacaq. Hər iki tərəfi əvvəlki Qətnamənin tələblərini yerinə yetirməyə məcbur edəcək paraqrafın olacağı Qətnamənin qəbulu gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti