Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun almaniyalı baş məşqçisi Hans Yurgen Gede komandanın Premyer-Liqanın ikinci dövrəsinə hazırlığından razı qalıb və ikinci dövrənin ilk turunda qələbə qazanmağın çox vacib olduğunu deyib.
"Ağır təlim-məşq toplanışından sonra bəzi futbolçularımızda yorğunluq hiss olunur. Məncə, kifayət qədər normal hazırlıq keçmişik və lazım olan bütün mövqelərə futbolçular transfer etmişik", - cümə axşamı Trend -a almaniyalı məşqçi deyib.
"Neftçi" Azərbaycan Premyer-Liqasının ikinci dövrəsinə hazırlaşmaq üçün iki dəfə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirib.
"İlk turdan çox şey asılıdır. "Standard"a qarşı keçirəcəyimiz ilk oyunda qələbə qazanmağa çalışacağıq", - baş məşqçi əlavə edib.
"Neftçi" ikinci dövrədə ilk oyununu fevralın 15-də, səfərdə "Standard" komandasına qarşı keçirəcək.
"Neftçi" klubu Premyer-Liqanın birinci dövrəsində uğursuz çıxış edərək 13 xalla 9-cu yeri tutub.
Gede "Neftçi"nin birinci dövrədəki uğursuz çıxışı unutdurmaq üçün tam fərqli oyun göstərəcəyini vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]