İran, Tehran, 16 fevral / Trend , müxbir A.Namdari/ İranın Tehran şəhər məhkəməsinin 1192 saylı şöbəsinin hakimi "Rəhqoşayan Xodro" şirkətinin fırıldaqçılıqda ittiham olunan əməkdaşları ilə bağlı hökm çıxarıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər 15 ildən 19 ilədək həbs cəzasına, şikayətçilərə vurduqları maddi ziyanı və dövlətə cərimə ödəməyə məhkum olunublar. Onlar həmçinin 10 il müddətinə yeni şirkət təsis etmək hüququndan məhrum ediliblər.
Cinayət işi ilə bağlı "Rəhqoşayan Xodro" şirkətinin 20 əməkdaşı həbs olunub. Onlar firıldaqçılıqla əhalidən külli miqdarda pul mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslərdən 1900 nəfər şikayət edib.
"Rəhqoşayan Xodro" şirkəti əhalidən milyardlarla dollar mənimsəyərək, onlara minik avtomobili təhvil verəcəyi barədə vəd versə də, öz vədini yerinə yetirməyib. Şirkətin direktoru və ona yaxın üç şəxs ötən ilin iyun ayında Kərəc şəhər məhkəməsinin qərarı ilə həbs olunub. "Rəhqoşayan Xodro" şirkəti 2006-cı ilədək öz müştərilərinə 3500 avtomobil təhvil verib, lakin həmin ildən sonra öz vədinə əməl edə bilməyib.