Özbəkistan, Daşkənd, 17 fevral / Trend , müxbir Т.Jukov/ "ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general Devid Petreus çərşənbə axşamı Özbəkistana gəlib", - Trend -a Daşkənddəki Amerika səfirliyindən məlumat verilib.
"General Petreus Özbəkistanın regional təhlükəsizlik məsələləri üzrə perspektivli təkliflərini dinləmək və bu problemlərin həlli ilə bağlı ən yaxşı yanaşmaları müəyyən etmək üçün Daşkənddədir", - səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Daşkəndə səfəri zamanı Devid Petreus, çərşənbə axşamı ölkə prezidenti İslam Kərimovla danışıqlar aparacaq. Bununla yanaşı, bu gün onun ölkənin müdafiə naziri Kabul Berdıyev və xarici işlər naziri Vladimir Norovla görüşü də baş tutacaq.
"Tərəflər təhlükəsizlik sahəsində regional əməkdaşlıq məsələlərini, eləcə də Əfqanıstanda sülhün bərpası problemlərini müzakirə edəcəklər", - ABŞ səfirliyindən bildirilib.
Özbəkistan Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər departamentinin məlumatına görə, general Petreusla görüşün əsas mövzusu Amerikaya məxsus qeyri-hərbi yüklərin Özbəkistan ərazisindən Əfqanıstana tranziti olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]