...

Azərbaycan parlamentində müxalifəti təmsil edən deputat qrupu bir neçə yeni qanun layihəsi hazırlayıb

Siyasət Materials 20 Fevral 2009 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir  A.Hüseynbala/Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupu yeni qanun layihələrini yaxın günlərdə Milli Məclis Aparatına təqdim edəcək.

"Layihələrdən biri "Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur", - cümə günü Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycan parlamentində müxalifəti təmsil edən 12 deputat var. Parlament seçkilərindən sonra yeddi nəfərdən ibarət müxalifət deputat qrupu yaradılsa da, onun fəaliyyəti uğurlu olmayıb və qrup dağılıb. Hazırda parlamentdə beş nəfərdən ibarət Müsavat deputat qrupu mövcuddur. Bu deputat qrupu 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkisindən sonra yaradılıb. Qrupda müxalif Müsavat Partiyasının dörd üzvü - Nəsib Nəsibli, Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli və Xalq Partiyasının sədri Pənah Hüseyn təmsil olunur.

Deputat qrupu indiyədək parlamentə 10 qanun layihəsi təqdim edib.

Hüseynin sözlərinə görə, layihədə bələdiyyə sədrlərinin seçki vasitəsilə müəyyənləşdirilməsi nəzərdə tutulur. "Bələdiyyə sədrlərini indiyədək yerli özünüidarəetmə orqanlarının üzvləri seçiblər. Fikrimizcə, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün sədrləri seçicilərin seçməsi çox vacibdir", - deputat qrupunun üzvü əlavə edib.

Deputat deyib ki, qrup bu sessiya zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı layihəni də təqdim edəcək. "Mən özüm isə ana və uşaqlara dövlət yardımı haqqında ayrıca bir qanun layihəsi hazırlamışam. İndi həmin yardımlar "Sosial pensiyalar haqqında" qanunla tənzimlənir, amma bir çox ölkələrdə bununla bağlı xüsusi qanunlar qəbul olunub", - Hüseyn vurğulayıb.

Deputat qrupunun üzvü yaz sessiyasının sonuna qədər "Siyasi partiyalar haqqında" qanuna, eləcə də Konstitusiyaya əlavə və dəyişikliklər haqqında layihələri parlamentə təqdim edəcəklərini bildirib.

Hüseyn "Vəkillər haqqında" qanuna və Əmək Məcəlləsinə də əlavə və dəyişikliləri nəzərdə tutan layihələrin hazırlandığını deyib. "Biz bu sessiyada dünyada baş verən iqtisadi böhranla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında indi yaranmış situasiya ilə bağlı hökumətin müvafiq orqanlarının, eləcə də siyasi partiyaların, ictimai təşkilatların iştirakı ilə Milli Məclisin xüsusi iclaslarının keçirilməsi məsələsini qaldıracağıq", - deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti