...

Xocalıda azərbaycanlıların soyqırımı Azərbaycan tarixinə əbədi yazılmış ən dəhşətli və qara səhifələrdən biridir – Leyla Əliyeva

Siyasət Materials 27 Fevral 2009 02:34 (UTC +04:00)
Xocalıda azərbaycanlıların soyqırımı Azərbaycan tarixinə əbədi yazılmış ən dəhşətli və qara səhifələrdən biridir – Leyla Əliyeva

Rusiya, Moskva, 26 fevral/ Trend , müxbir R.Ağayev/ Artıq 17 ildir ki, Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edir və bu faciə Azərbaycanın tarixinə əbədi yazılmış ən dəhşətli və qara səhifələrdən biridir.

Leyla Əliyeva deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Azərbaycanın Xocalı şəhəri zəbt edilib. Nəticədə 613 dinc sakin, o cümlədən 106 qadın, 70 qoca, 63 uşaq qəddarcasına öldürülüb, minlərlə insan əlil olub, 150 nəfər itkin düşüb.

"Geri çəkilən dinc əhalini öldürmək nəyə lazım idi, axı onlar erməni ordusuna heç bir hərbi təhlükə yaratmırdı. Bu bilərəkdən edilib və Azərbaycan xalqına qarşı əsl soyqırım törədilib", - Leyla Əliyeva deyib.

Onun fikrincə, bu, həmçinin kütləvi vahiməyə salma aksiyası idi. "Lakin vaxt göstərdi ki, Azərbaycan xalqının iradəsini sındırmaq mümkün olmadı", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, təəccüblü odur ki, bu faciə XX əsrin sonlarında baş verib, lakin hələ də siyasi-hüquqi, ən əsası isə beynəlxalq birlik tərəfindən mənəvi cəhətdən qiymətləndirilməyib.

Mərasimdə Leyla Əliyeva xalqımızın qarşılaşdığı ədalətsizliyə və qəddarlığa qarşı etiraz səsini qaldıran bütün insanlara, o cümlədən rusiyalılara öz minnətdarlığını bildirib. O qeyd edib ki, 20 ildən artıqdır ki, Azərbaycanın torpaqları işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. "Hökumətimiz onlara böyük qayğı göstərir və heç nəyə baxmayaraq, Azərbaycanda tək bir çadır şəhərciyi də qalmayıb, bütün qaçqınlar normal yaşayış şəraiti ilə təmin olunublar", - Leyla Əliyeva əlavə edib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu faciəyə böyük diqqət yetirir. Hər il kitablar çap olunur, filmlər çəkilir, fotosərgilər təşkil olunur və bu gün Fond dünyanın 50 ölkəsində alimləri, tarixçiləri, mədəniyyətşünasları, gəncləri və KİV-i cəlb etməklə Xocalı soyqırımına aid tədbirlər keçirir.

Leyla Əliyeva qeyd edib ki, İKT-nin gənclər forumunun Baş koordinatoru kimi "Xocalıya Ədalət" adlı aksiyanın keçirilməsi təşəbbüsü ilə 2008-ci il mayın 8-də çıxış edib. Onun sözlərinə görə, bu aksiyanın əsas məqsədi - beynəlxalq birliyi bu faciə haqda ədalətli məlumatlandırmaqdır. "Bu gün dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" veb-saytının təqdimetmə mərasimi keçirilir ki, bu sayt vasitəsilə faciə haqda dolğun məlumat almaq olar.

Leyla Əliyeva tədbirdə iştirak edən bütün insanlara, xüsusi ilə faciənin canlı şahidləri - Əliyev Zaura və Yusubov Anara öz minnətdarlığını bildirib. "Mən əminəm ki, tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həll olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bu insanlar öz doğma torpaqlarına qayıdacaqlar", - Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva deyib.

Moskvada Azərbaycan səfirliyində keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı hadisələri və Ermənistan-Azərbaycan münaqişəsini əks etdirən film nümayiş olunub.

Matəm tədbirində Özbəkistan, Türkiyə, Tacikistan, Mali, Sudan, Səudiyyə Ərəbistanı, Qırğızıstan və İraqın səfirləri, Qazaxıstan, Misir, Fələstin səfirliklərinin nümayəndələri, Rusiyanın ictimai-siyasi və elmi dairələrinin nümayəndələri, Moskvanın azərbaycanlı ictimaiyyəti iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti