...

Suriya ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşması Dəməşq - Tehran münasibətlərinin pisləşməsinə gətirib çıxarmayacaq

Siyasət Materials 7 Mart 2009 09:04 (UTC +04:00)
Suriya ilə ABŞ arasındakı münasibətlərin yaxşılaşması Dəməşq - Tehran münasibətlərinin pisləşməsinə gətirib çıxarmayacaq

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir D.İbrahimova/
Suriya ilə ABŞ arasında əlaqələrin yaxşılaşması iki ölkənin regional maraqlarına xidmət edir və Dəməşqlə Tehran arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq.
"Suriya hökuməti ABŞ hökuməti ilə danışıqları davam etdirəcək və eyni zamanda İranla əlaqələri zəiflətməyəcək", - deyə Trend -a Yaxın Şərq üzrə İsveçin ərəbəsilli eksperti Naser əl-Qəzəli (Naser Al-Ghazali) bildirib.
ABŞ-ın iki elçisi - dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin səlahiyyətlərini yerinə yetirən Ceffri Feltman və bu bölgəni kurasiya edən Ağ evin milli təhlükəsizlik Şurasının direktoru Daniel Şapiro yaxın günlərdə məsləhətləşmələr üçün Suriyaya yola düşəcəklər.
ABŞ Senatının xarici məsələlər komissiyasının sədri, demokrat Con Kerri Yaxın Şərqə səfərindən sonra bildirib ki, İsraillə Suriya arasında sülh müqaviləsinin imzalanması üçün unikal imkan mövcuddur və ABŞ bu fürsəti əldən verməməlidir. Ötən il Dəməşqlə Tel-Aviv Türkiyənin vasitəçiliyi ilə bir sıra danışıqlar raundu keçirib. Lakin İsraildə Benyamin Netanyahu hakimiyyətə gələndən sonra danışıqlar dayandırılıb.
Barak Obamanın hakimiyyətə gəlişindən sonra ABŞ administrasiyası Suriya ilə əlaqələrin yaxşılaşdırılması, İsraillə Suriya arasındakı danışıqlara yardım və Dəməşqdə səfirin təyin edilməsi haqda düşünməyə başlayıb. 2005-ci ildə Buş hakimiyyəti Suriyanın Hizbullah və HƏMAS qruplaşmalarının terrorçu fəaliyyətinə dəstək verməsini bəhanə gətirərək bu ölkədən ABŞ səfirini geri çağırıb.
Ekspertlər hesab edir ki, Birləşmiş Ştatlarının Suriya ilə yaxınlaşmaq üçün kifayət qədər səbəbi var.
ABŞ istəyir ki, Suriya Hizbullah və HƏMAS-a silah satmasını dayandırsın və İsraillə sülh danışıqlarına başlasın, deyə Yaxın Şərq üzrə amerikalı ekspert Tomas Matteyr hesab edir.
İsrail dövlətinin Fələstin torpaqlarında yaradılması haqda BMT-nin 1948-ci ildə verdiyi qərardan sonra bölgədə ərəblərlə yahudilər arasında yeni müharibə ocağı yaranıb. İsrailin dövlət kimi elan edilməsi fələstinlilərin və qonşu ərəb dövlətlərinin maraqlarına zidd olduğu üçün 1968-ci ildə Misir İsrailə qarşı müharibəyə başlayıb. Sonradan bu müharibəyə Suriya ilə İordaniya qoşulub.
Hizbullah ABŞ, Kanada və Avstraliya daxil olmaqla altı dövlət tərəfindən terrorçu təşkilat kimi qəbul edilib.  
ABŞ həmçinin İranın Suriya və digər ərəb dövlətlərinə təsirinin azalmasında maraqlıdır, deyə Trend -a elektron poçtla "Qlobal təhlükəsizliyin müşahidəsi: İran" (Global Security Watch - Iran: A Reference Handbook, Praeger Security International, 2008) kitabının müəllifi Matteyr bildirib.
Suriyanın da ABŞ-la yaxınlaşmaqda marağı heç də Vaşinqtonun Dəməşqlə danışıqlardakı marağından az deyil. 2005-ci ildə Livanın baş naziri Rafiq Xaririnin qətlindən sonra Suriya digər ərəb dövlətləri tərəfindən təcrid olunmuşdur. Onlar Dəməşqi bu hadisədə günahlandırırdılar.
"Suriya ABŞ-la münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Çünki ərəb dövlətləri Tehran, Dəməşq və Beyrut arasındakı əlaqələri zəiflətmək və Rafiq Xaririnin ölümünü Suriyanın təcridinin güclənməsi üçün istifadə etmək istəyirlər", - telefonla Trend -a Tehrandan Yaxın Şərq üzrə iranlı ekspert, "Mehr" informasiya agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri Qənizadə deyib.
Onun fikrincə, Suriya ilə ABŞ arasında əlaqələrin yaxşılaşdırılması ona dünyada gedən proseslərdə daha aktiv iştirak etmək imkanı verəcək.
Digər tərəfdən hələlik İsrailin yeni lideri Benyamin Netanyahunun hansı siyasət yürüdəcəyi də məlum deyil. Qənizadə hesab edir ki, Suriya da ABŞ-la əlaqələri yaxşılaşdırmaq istəyir ki, Vaşinqtonun qəyyumluğuna sahib çıxsın və Netanyahu siyasətindən özünü sığortalasın.
Ekspertlərin fikrincə, ABŞ-Suriya əlaqələri nə qədər çətinləşsə də, Suriya ilə İran arasındakı münasibətlər dəyişməyəcək.
Ekspert əl-Qəzəli hesab edir ki, İranla Suriyanın Hizbullah və HƏMAS-a qarşı münasibəti dəyişməyəcək. "Suriya, İran, Hizbullah və HƏMAS-ın münasibətləri İsrailə qarşı ən etibarlı və möhkəm ittifaqdır" - deyə İsveçdən telefonla Trend -a əl-Qəzəli bildirib.
Lakin o hesab edir ki, iki ölkənin İraq məsələsi ilə bağlı münasibətləri dəyişə bilər. Çünki Suriya hökuməti İranın İraqdakı nüfuzunun genişlənməsinə maneçilik törədəcək.
Parlamentdə çoxluğa malik şiə əhalisi ədatən şiə İranı tərəfindən dəstəklənir.
İran daxilində hesab edirlər ki, Suriya-İran münasibətləri dəyişməyəcək. Qənizadənin sözlərinə görə, Suriya müstəqil dövlətdir və digər ölkələrlə münasibətləri milli maraqları prizmasından çıxış edərək və siyasi strategiya çərçivəsində qurur.
Prezident Hafiz Əsədin dönəmində Suriya ilə İran yaxın münasibətlərə malik idilər.
Hafiz Əsəd hökuməti ərəb birliyi ideallarının satılmasında günahlandırılırdı. Çünki o İran-İraq müharibəsində (1980-1988-ci illər) qeyri-ərəb İranın tərəfini tutmuşdur. Bununla yanaşı Suriya ABŞ-la da yaxşı münasibətdə idi. 1991-ci ildə Madriddəki konfransdan sonra Suriya İsraillə danışıqlar prosesinə başladı. Suriya ilə İsrail arasındakı danışıqlara baxmayaraq, İranla Suriya əməkdaşlıq etməkda davam edirdilər.
"ABŞ-la Suriya arasındakı münasibətlərin pisləşməsi mütləq Suriya üçün İranla əlaqələrin pisləşməsi demək deyil. Çünki Dəməşq Tehranın strateji tərəfdaşıdır", - deyə Qənizadə vurğulayıb.
Ekspertlər hesab edir ki, ABŞ üçün asan olmayacaq Suriya ilə danışıqlarda uğur əldə etmək.
Matteyr hesab edir ki, Netanyahunun rəhbərlik etdiyi İsrailin yeni hakimiyyəti Suriyaya Qolan yüksəkliklərini qaytarmaqdan imtina etsə, Fələstini tanımasa və yaxud Hizbullahın Livandakı siyasi rolunu qəbul etməyəcəksə, ABŞ-a uğur əldə etmək çətin olacaq.
Məqalənin hazırlanmasında E.Tarıverdiyeva, Ü.Sadıxova, T.Cəfərov.

Xəbər lenti

Xəbər lenti