...

Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının referendumu boykot qərarını faydasız hesab edir

Siyasət Materials 11 Mart 2009 12:57 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının referendumu boykot qərarını faydasız hesab edir

Azərbaycan, Bакı, 11 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın hakim partiyası hesab edir ki, müxalifətin cəmiyyətdəki sosial bazası çox zəif olduğundan, referendumu boykot qərarının heç bir faydası olmayacaq.

"Müxalifətin cəmiyyəti arxasınca aparması üçün nə şüarları, nə də kifayət qədər resursları var", - çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanın bir qrup müxalif partiyası və ictimai təşkilatının təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" dünən referendumu boykot etmək haqda qərar qəbul edib.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Mirzəzadənin sözlərinə görə, müxalifət cəmiyyətdə dəstək qazanmaq üçün heç bir effektli addım da atmır.

"Müxalifət məhz öz zəifliyini bildiyindən ötən il keçirilən prezident seçkisində iştirak etmədi. Əvəzində onların yerini seçkiyə qatılan yeni müxalifət nümayəndələri tutdular", - hakim partiya nümayəndəsi əlavə edib.

Hakim partiyanın funksioneri deyib ki, ənənəvi müxalifət öz səhvindən nəticə çıxararaq referendumda iştirak etmək qərarına gəlib. "Amma yenə çox zəif göründülər və prosesə münasibətdə heç bir yenilik ortaya qoya bilmədilər, yeni simalar görünmədi", - Mirzəzadə vurğulayıb.

Siyası Şura üzvünün fikrincə, məhz bu səbəbdən müxalifət nümayəndələrinin nə debatlarda effekt yaratmaq cəhdləri alındı, nə də görüşlərinə seçicilər gəldi: "Düşünürəm ki, müxalifət öz zəifliyini hiss edərək, geri çəkilməyə qərar verib. Təəssüf ki, onlar bunu da səviyyəli edə bilmədilər. Boykotu yalnız gücü olan qüvvə edə bilər. Müxalifət partiyalarının bütün gücü əgər mərkəzi qərargahlara toplaşan bir qrup insandırsa, onun boykotunun hansı effekti ola bilər", - Mirzəzadə qeyd edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti