...

Pakistan ordusu əvvəlkindən fərqli olaraq siyasətə müdaxilə etmək niyyətində deyil

Siyasət Materials 19 Mart 2009 09:20 (UTC +04:00)
Pakistan ordusu əvvəlkindən fərqli olaraq siyasətə müdaxilə etmək niyyətində deyil

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir D.Xatınoğlu /

Pakistanda işdən uzaqlaşdırılmış Ali Məhkəmənin hakimlərinin yenidən vəzifəyə qayıtmaq tələbi ilə bağlı ölkədə yaranmış narazılıqlar, kütləvi aksiyalar və böhranla bağlı milli ordunun siyasətə müdaxilə etməməsi göstərir ki, hərbiçilər əvvəlkindən fərqli olaraq siyasətə müdaxilə etməyə meyilli deyillər.

Pakistanın 62 illik dövlətçiliyinin 30 ili hərbiçilərin hakimiyyəti ilə keçib, hansı ki, dəfələrlə mülki hakimiyyət böhrana düşdükdə dövlət çevrilişi ediblər. 1977-ci il general Ziyaulhəqin Zülfəqar Əli Bhuttonun hakimiyyətini devirməsini, 1993-cü il general Vəhid Kakarın Baş nazir və prezidenti istefaya məcbur etməsi, 1999-cu ildə general Pərviz Müşərrəfin Nəvaz Şərif hakimiyyətini devirməsini ölkədə tarixən hərbiçilərin siyasətə müdaxiləsinə nümunə kimi göstərmək olarərdir.

Hazırda Pakistan ordusunun baş komandiri General Əşfəq Kiyanidir.

Columbianın Cənubi Asiya Ölkələri İnstitutunun (Southern Asian Institute Columbia University) professoru Filip Oldenburg-un (Philip Oldenburg) fikrincə, Kiyani indiyədək siyasətə qarışmayıb. "Kiyaninin 2008-ci ilin fevralında keçirilən prezident seçkiləri, həmçinin parlament seçkilərində tərəfsiz mövqe tutması göstərir ki, keçmişdən fərqli olaraq, hazırda ordu siyasətə müdaxilə etmək niyyətində deyil", - Oldenburg elektron poçt vasitəsi ilə çərşənbə günü Trend -a bildirib.

2007-ci ilin noyabrında eks-prezident general Pərviz Müşərrəf, Kiyanini ordunun baş komandiri vəzifəsinə təyin edib.

Son bir həftədə yaranmış etirazlar, Ali Məhkəmənin "Müsəlman Liqası" partiyasının sədri Nəvaz və qardaşı Şahbazın siyasi fəaliyyətinə qadağa qoyması ilə başlanıb. Bununla bağlı Baş nazir Yusuf Rza Gilani kütləvi etirazlara son qoymaq üçün bu hökmün yenidən baxılacağına söz vermişdi. Aksiyaçılar Ali Məhkəmənin sabiq sədri İftixar Çodəri və digər hakimlərin vəzifəyə qaytarılmasını tələb ediblər.

"Reuters" agentliyi martın 15-də kütləvi aksiyalarla bağlı Kiyaninin Baş nazir və prezident ilə müzakirə apardığı haqda məlumat yayıb, lakin ekspertlər bu müzakirəni müdaxilə hesab etmirlər.

Pakistanlı müstəqil politoloq Əbdulhəy Ənis (Abdulhay Anis) telefonla İslamabaddan Trend -a bildirib ki, Kiyaninin prezident Əli Zərdari və Gilani ilə ayrıca müzakirələri hakimiyyətin xalqın tələblərinə tabe olması ilə nəticələnib, yəni ordu rəhbəri yaranmış böhrandan sui-istifadəyə deyil, qalmaqalı yatırmağa cəhd etmişdi. "Bu, tamamilə xalqın marağına xidmət edirdi, inqilab, yaxud dövlət çevlişi məqsədi ilə deyildi", - Həy hesab edir.

Pakistanlı ekspertin fikrincə, hakimlərin yenidən vəzifələrinə qaytarılması xalqın tələbləri əsasında həyata keçirilib, lakin bu addım hakimiyyəti yenidən böhrana sala bilər: "Hakimlər eks-prezident Müşərrəfin Zərdariyə verdiyi əfv fərmanını ləğv edə bilərlər", - Ənis bildirib.

Zərdari bundan əvvəl qətl, korrupsiya və digər ağır ittihamlarla səkkiz il müddətində həbsdə olub, lakin ona qarşı yürüdülmüş ittihamların heç biri məhkəmədə sübut olunmayıb. 2008-ci il bütün ittihamlarla bağlı Müşərrəf Zərdari ilə bağlı əfv fərmanı imzalayıb.

Hər iki ekspertin fikrincə, hər halda Ali Məhkəmənin hakimlərinin yenidən vəzifəyə qaytarılması demokratik və məqbul addımdır, baxmayaraq ki, Həy, Zərdarinin qərarını məcburiyyət qarşısında olmaqla əlaqələndirir və bu addımın həqiqi demokratiya uğrunda olmadığını bildirir.

Qərb, xüsusilə də ABŞ dövlət katibi Hillari Kilinton və Britaniyalı həmkarı Deyvid Miliband Zərdarinin qərarını dəstəkləyib, həmçinin BMT-nin İnsan Haqları Kommissiyasının baş komissarı Navi Piları hakimlərin yenidən vəzifəyə qaytarılmasını alqışlayıb.

2008-ci ildə Zərdari prezident seçkilərində iştirakı zamanı Müşərrəfin vəzifədən çıxardığı hakimləri yenidən işlərinə qaytarılmasını vəd etsə də, indiyədək buna əməl etməmişdi. Bu səbəbdən hakimiyyətlə koalisiya təşkil edən Nəvaz Şərifin partiyası koalisiyadan çıxmışdı.

Nəvaz Şərif tərəfdarlarınin bir həftə müddətində aksiyaları nəticəsində hakimlərin yenidən vəzifəyə qaytarılması qərarı, Şərif və qardaşı Şahbazın siyasi fəaliyyətinə qoyulan qadağanın Ali Məhkəmə tərəfindən ləğv olunması ehtimalını da gücləndirir.

Zərdarinin yenidən məhkəməyə verilməsi, həmçinin onun güclu rəqibi Şərifin siyasi fəaliyyətinə qoyulan qadağanın ləğvi prezident üçün yeni problemlər yarada bilər.

Filipin fikrincə, ordunun hazırda siyasətə müdaxilə etməməsi ölkədəki nüfuzunu itirməyə meyilli olmasını göstərmir. Onun sözlərinə görə, ordu hələ də öz nufuzunu qorumaq fikrindədir, gələcəkdə daha dərin böhran yaranarsa, ordunun dövlət çevrilişi etməməsinə heç bir zəmanət yoxdur.

Xəbər lenti

Xəbər lenti