...

Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin bərpasının tərəfdarı deyil

Siyasət Materials 2 Aprel 2009 12:00 (UTC +04:00)
Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin bərpasının tərəfdarı deyil

Azərbaycan, Bакı, 01 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın hakim partiyası proporsional seçki sisteminin bərpasına ehtiyac olmadığını düşünür.

"Ötən müddətdə sübut olundu ki, Milli Məclisə majoritar sistem üzrə seçkilərin keçirilməsi daha məqbuldur", - çərşənbə günü Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçilib.

Müxalif ALDP 2008-ci ilin noyabr ayında proposional seçki sisteminin bərpa olunması üzrə təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun 55 nəfər üzvü seçilib. Həmin qrup ALDP adından Azərbaycanda fəaliyyət göstərən bütün partiyalara proporsional seçki sisteminin bərpa olunması üçün imza toplama kampaniyasına qoşulmağı təklif edir. Təşəbbüs dəstəklənərsə, 600 minə yaxın seçici səsi toplanıb Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. MSK isə həmin imzaları təsdiqlədikdən sonra proporsional seçki sisteminin bərpası üçün Milli Məclisə göndərəcək.

Ourbanlının sözlərinə görə, hər bir seçki siyasi qüvvələrin gücünü, cəmiyyətdəki dəstəyini nümayiş etdirmək üçün bir vasitədir. "Seçkinin hansı sistem üzrə keçirilməsindən asılı olmayaraq, güclülər həmişə qalib gəlirlər. Ona görə parlament seçkilərinin majoritar sistem üzrə keçirilməsi daha məntiqlidir", - hakim partiyanın funksioneri əlavə edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

"Proporsional seçki sisteminin bərpa olunması üçün imzatoplama kampaniyasını may ayında bərpa edəcəyik", - çərşənbə günü Trend -a müxalifyönlü Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərov bildirib.

Onun fikrincə, ötən ilin sonlarında başlanan kampaniya Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçirilən referenduma görə dayandırılmışdı. "Biz istəyirik ki, proporsional seçki sisteminin bərpası ilə bağlı məsələ bu ilin payızında keçiriləcək bələdiyyə seçkilərində səsverməyə çıxarılsın. Azərbaycanın 18 partiyası bizim təşəbbüsümüzü dəstəkləyir. Hakim Yeni Azərbaycan Partiyası ilə də bununla bağlı məsləhətləşmələr aparmaq niyyətindəyik", - Nəzərov qeyd edib. 

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti