...

Azərbaycan NATO tərəfindən ölkənin ərazi bütövlüyünün və suverenliyinin dəsətklənməsini yüksək qiymətləndirir – XİN rəhbəri

Siyasət Materials 9 Aprel 2009 16:52 (UTC +04:00)

Alyansın bir müddət öncə keçirdiyi sammitdə qəbul edilən bəyannamədə əksini tapan NATO tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəsətklənməsini rəsmi Bakı yüksək qiymətləndirir. XİN mətbuat xidmətinin məlumatına əsasən, bu barədə NATO baş katibinin köməkçisi Jan Fransua Büro ilə görüş zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan XİN rəhbəri NATO ilə uğurlu əməkdaşlığı qeyd edərək Azərbaycanın alyans çərçivəsində əməkdaşlıq etdiyi "İndividual tərəfdaşlıq proqramı"nı xüsusi vurğulayıb.

Büro öz növbəsində NATO-Azərbaycan əməkdaşlığının səviyyəsindən razı qaldığını və əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il 4 may tarixində "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq üzərinə qoyulmuş təxminən 50 vəzifəni yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 3 avqust tarixində "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət Planı haqqında" Fərman imzalayıb.

Hazırda əməkdaşlıq fəaliyyət planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Azərbaycan NATO ilə Alyansın İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda belə bir əməkdaşlıq Əfqanıstanda davam etdirilir.

Xəbər lenti

Xəbər lenti