...

Azərbaycan parlamentinin komitə sədri növbəti seçkilərə kimi bələdiyyələrin birləşəcəyini istisna etmir

Siyasət Materials 14 Aprel 2009 12:33 (UTC +04:00)
Azərbaycan parlamentinin komitə sədri növbəti seçkilərə kimi bələdiyyələrin birləşəcəyini istisna etmir

Azərbaycan, Bаkı, 14 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri hesab edir ki, növbəti seçkilərə kimi bələdiyyələrin bir hissəsi birləşə bilər.

"Bəzi ölkələrdə əhalisi, bəzilərində isə ərazisi baxımından bələdiyyələrin birləşməsi prosesi gedir. Biz hesab edirik ki, bu məsələni bələdiyyələr öz aralarında aydınlaşdırmalıdırlar", - Trend -un məlumatına görə, çərşənbə axşamı Komitə sədri Arif Rəhimzadə hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə institutu 1999-cü ildə yaranıb. Azərbaycanda 2765 bələdiyyə var.

Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Rəhimzadənin sözlərinə görə, birələşəcək bələdiyyələr ərazicə yaxın olmalıdır. "Əsas prinsip odur ki, onların əhalisinin sayı, maliyyə imkanları artsın və müəyyən sosial işləri görməyə qadir olsunlar", - Komitə sədri əlavə edib.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə, Komitə sədri deyib ki, bu istiqamətdə işlər gedir və müvafiq qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Amma bu layihə haqqında bir sıra təklif və iradlar olub. O cümlədən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi də müxtəlif təkliflər səsləndirib. Bütün təkliflər nəzərə alınmaqla layihə yenidən işlənir. Mən hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir", - Rəhimzadə vurğulayıb.

Onun fikrincə, bələdiyyələrin səlahiyyətini artırmaq üçün bir çox məsələlər nəzərə alınmalıdır.

"İlk növbədə, dəqiqləşdirilməlidir ki, bələdiyyələr həmin səlahiyyətləri öz üzərinə götürməyə hazırdırlarmı? Bu səlahiyyətləri onlara verməklə işləri yaxşılaşdıracağıq, yoxsa çətinləşdirəcəyik? Açığını deyək ki, bələdiyyələrin maddi-texniki bazası, kadr potensialı, onların maliyyə imkanları məhduddur. Onlar konkret iş aparmaq imkanında deyillər. Bu məsələlər öz həllini tapmamış onlara böyük səlahiyyət vermək çətin məsələdir", - Komitə sədri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti