...

Azərbaycan parlamentinin deputatları Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalını pisləyiblər

Siyasət Materials 14 Aprel 2009 13:02 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatları Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalını pisləyiblər

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin (Parlament) deputatları Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalını pisləyiblər. Azərbaycanın Milli Məclisində müxalifəti təmsil edən Müsavat Deputat Qrupu hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyənin özünə mənfi təsir edəcək.

"Sərhədlərin açılması Türkiyənin regionda müttəfiqi olan Azərbaycanla ikitərəfli münasibətlərinə zərbə vura bilər. İki dövlətin dostluq münasibətlərindən narahat olan dövlətlər bundan yararlana bilərlər", - Trend -un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Müsavat Deputat Qrupunun sərhədlərin açılması ilə bağlı mövqeyini çatdıran deputat İkram İsrafil deyib.

Trend -un arayışı: Türkiyə Böyük Millət Məclisində (Parlament) təmsil olunan siyasi partiyaların bir qrup deputatının sabah Azərbaycana səfəri başlayır. Səfər çərçivəsində Türkiyənin Ermənistanla sərhədlərinin açılması ehtimalı müzakirə ediləcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, AKP-çi deputatlar qabaqcadan planlaşdırılan səfərdən imtina ediblər.

Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi narazılığından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyıb Erdoğan ötən həftə jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyənin Ermənistanla sərhədləri açmayacağını bəyan edib.

Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sərkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən millət vəkili Mübariz Qurbanlı isə deyib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın tərəfindədir.

"Türkiyənin sərhədləri açmasından imtina etməsi təqdirəlayiqdir. Ümid edirik ki, Türkiyə rəsmiləri bununla bağlı bəyanatlarında ardıcıl olacaqlar", - Qurbanlı deyib.

Hakim partiyanın sədr müavini və icra katibi Əli Əhmədov deyib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına reaksiya olaraq Ermənistanla hər hansı bir əlaqə qurmaqdan imtina edib. "Bu yalnız Azərbaycanla həmrəylik deyil. Bu həm də Ermənistanın işğalçı olmasının etiraf edilməsidir", - Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, Azərbaycan və Türkiyə bu günə qədər bir mövqedə durublar və bundan sonra da bir mövqedə olacaqlar. "Azərbaycanın maraqları Türkiyənin maraqlarıdır. İnanırıq ki, Azərbaycan torpaqlarının işğalı davam etdikcə Türkiyə və Ermənistan münasibətləri bərpa olunmayacaq", - Əhmədov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti