...

Azərbaycan Xəzər iqtisadi əməkdaşlığının yaradılması təşəbbüsünü dəstəkləyir – XİN

Siyasət Materials 14 Aprel 2009 18:08 (UTC +04:00)
Azərbaycan Xəzər iqtisadi əməkdaşlığının yaradılması təşəbbüsünü dəstəkləyir – XİN

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Ağayeva / Azərbaycan Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir.

"Azərbaycan Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünə müsbət yanaşır", - Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov çərşənbə axşamı Trend -a bildirib.  

Rusiya XİN rəhbəri Sergey Lavrov "Vesti" telekanalının birbaşa efirində deyib ki, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ilə bağlı Rusiya təkliflər verməyə hazırdır.

Təşkilata Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan daxil ola bilər.

"Təşkilatın əsas fəaliyyət istiqaməti energetika, nəqliyyat, su bioresursları, maliyyə, sərmayə və ticarət sahəsində əməkdaşlıq ola bilər", - Lavrov deyib.

"Xəzər əməkdaşlığı təşkilatı gündəmdədir. Belə bir təşkilatın yaradılması ilə bağlı konkret təkliflərimizi hazırlaya bilərik", - Rusiya XİN rəhbəri deyib.  

Poluxovun fikrincə, belə bir təşkilatın yaradılması Xəzərin statusu ilə bağlı məsələlərin həllinə təkan verər.

"Biz açıq, proqnozlaşdırılan və ardıcıl siyasətin tərəfdarıyıq, bu baxımdan belə bir iqtisadi strukturun fəaliyyəti əlverişli görünür", - Azərbaycanın XİN rəsmisi hesab edir.  

Xəzər dənizinin statusu 1921 və 1941-ci ildə SSRİ ilə İran arasında imzalanmış razılaşmalara əsasən nizamlanırdı. Yeni hüquqi statusun təyin olunması üçün aparılan danışıqlar prosesi hələ də davam edir və bəzi ölkələr ikitərəfli razılaşmalar imzalayıblar. 1998-ci ilin iyulunda Rusiya və Qazaxıstan dənizdən suveren istifadə ilə bağlı Xəzərin şimal hissəsinin dibinin bölünməsi haqqında razılaşma, 2002-ci ilin mayında isə sözügedən sənədə əlavə edilən protokol imzalayıblar.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölünməsi barədə razılaşma və müvafiq olaraq protokol imzalanıb. Eləcə də Azərbaycan, Qazaxıstan və Rusiya arasında 2003-cü il mayın 14-də Xəzər dənizinin yanaşı sahələrinin, sərhəd xətlərinin təmas nöqtələri haqqında razılaşma imzalanıb.

İran öz növbəsində dənizi bərabər hissələrə bölməyi təklif edib (tərəflərin hər birinə 20 faiz). Belə olduqda Azərbaycanın Xəzər hövzəsinin üçdə bir hissəsi İranın nəzarətinə keçəcəyindən rəsmi Bakı bu prinsipdən imtina edib.

Sahilyanı ölkələr 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin qorunması ilə bağlı razılaşma imzalayıblar.

Xəzərin yeni hüquqi statusunu müvafiq konvensiyaya uyğun həll etmək planlaşdırılır.

Qazaxıstanın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinə görə, BMT-nin 1982-ci ildə qəbul etdiyi dəniz hüququ konvensiyası tətbiq edilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti