...

Azərbaycan prezidenti Azərbaycanın yəhudi icmasına başsağlığı verib

Siyasət Materials 20 Aprel 2009 21:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına başsağlığı verib. Bu haqda Azərtac dövlət agentliyi xəbər yayıb.

"Tarixin ən kütləvi insan fəlakətinə səbəb olmuş İkinci dünya müharibəsi bir çox xalqların, xüsusilə də yəhudi xalqının həyatında müdhiş qara səhifə kimi yaşamaqdadır. Bu qanlı savaş zamanı milyonlarla yəhudi əsilli insan faşizmin günahsız qurbanına çevrilərək, məqsədyönlü soyqırımı siyasətinə məruz qalmışdır.
1943-cü ilin aprelində Varşava yəhudi gettosunda saxlanan məhbuslar faşizmin qanlı cinayətlərinə, milli-dini ayrı-seçkiliyə qarşı qətiyyətli etiraz aksiyasına başlamış, qeyri-bərabər ölüm-dirim savaşında qəhrəmanlıqla həlak olsalar da, öz milli haqları və insani ləyaqəti uğrunda şərəfli mübarizə örnəyi vermişlər. Faşizmlə mübarizədə mənəvi qələbə rəmzinə çevrilmiş bu hadisə tarixə təkcə yəhudilərin müsibəti deyil, eyni zamanda qəhrəmanlıq nümunəsi kimi daxil olmuşdur.
Təəssüflə qeyd etmək istəyirəm ki, tarixdən ibrət dərsi götürməyən ayrı-ayrı siyasi-şovinist dairələr, irticaçı rejimlər və ideologiyalar bu gün də beynəlxalq sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasəti, kütləvi qətl və terror aksiyaları, nəhayət Xocalıda azərbaycanlıların dəşhətli qətliamı zəmanəmizin acı gerçəkliyidir. Biz hansı coğrafiyada törədilməsindən asılı olmayaraq, etnik-dini düşmənçiliyin və ayrı-seçkiliyin hər cür təzahürünü bütövlükdə bəşər sivilizasiyasını təhdid edən cinayət kimi qiymətləndirir və dünya birliyini bu bəşəri təhlükəyə qarşı səfərbər olmağa dəvət edirik.
Hər il mütərəqqi dünya ictimaiyyəti Yəhudi xalqının müsibəti və qəhrəmanlığı gününü böyük ehtiramla yad edir. Bu milli hüzn gününüzdə Azərbaycan xalqı adından bir daha kədərinizə şərik olduğumu bildirir, irticanın bütün günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm" - deyə prezidentin məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti