...

Azərbaycanda keçirilən referendum AŞ PA-nın sessiyasında müzakirə olunub

Siyasət Materials 27 Aprel 2009 18:06 (UTC +04:00)

Fransa, Strasburq, 27 aprel / Trend , müxbir A.Məhərrəmli /

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bazar ertəsi başlayan yaz sessiyasının səhər iclasında qurumun Bürosunun və Daimi Komissiyasının "Tərəqqi hesabatı" na dair müzakirələr aparılıb.

Müzakirələrdə bir çox məsələlər, o cümlədən 18 martda Azərbaycanda keçirilən referendumla bağlı müzakirələr olub.

Çıxış edən parlamentarilər referendumun əvvəlki seçkilərlə müqayisədə daha yaxşı təşkil edildiyini, seçki prosesində məsul heyətin daha hazırlıqlı olmasını və səsvermədə iştirakın yüksək olduğunu qeyd ediblər.  

Böyük Britaniyadan olan deputat Hancock öz çıxışında diqqəti AŞ PA müşahidə missiyasının tərkibinin 4 nəfərdən ibarət olmasına çəkib.

"Bir tərəfdən bizi buna görə tənqid edirlər. Seçkiləri daha yaxşı izləmək üçün müşahidəçilərin sayının çox olması lazım idi. Mənim fikrimcə, bu seçkilər uğurla keçib. Azərbaycan xalqı öz hökumətindən razıdır. Bu seçkilər xalqın istəyini əks etdirir", - britaniyalı deputat qeyd edib.

Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlut Çavuşoğlu da çıxışında referendumun uğurla keçdiyini qeyd edib.

Trend News-un arayışı: Azərbaycanda referendum martın 18-də keçirilib. Azərbaycan MSK-nın səsvermənin yekunu üzrə elan olunan yekun nəticələrinə görə, Azərbaycanda Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb.

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində əvvəl yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaktəsinin, "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti