...

Prezident İlham Əliyev Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 29 Aprel 2009 00:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin aprelin 28-də Brüsseldə Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə "Azərbaycan: Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş" mövzusunda görüşü olub. Xəbəri AzərTAc dövlət agentliyi yayıb.

Görüşü mərkəzin rəhbəri Hans Martens açdı. Azərbaycanda gedən uğurlu inkişafdan danışan natiq, ölkəmizin Avropa qurumları və Avropa İttifaqı ilə əlaqələrinin də müvəffəqiyyətlə genişləndiyini söylədi. Bildirdi ki, Azərbaycan Avropa Qonşuluq Siyasətində fəal iştirak edir və enerji sahəsində Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Hans Martens Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğuladı.

İlham Əliyev görüşdə çıxış edərək bildirib ki, son beş ildə Azərbaycanda sürətli iqtisadi inkişaf gedir, təhsil, səhiyyə və digər sahələrdə uğurlu islahatlar həyata keçirilir. O qeyd edib ki,  iqtisadiyyatda özəl sektorun payı xeyli artmış, əlverişli biznes mühiti yaranmış, demokratikləşmə, qanunun aliliyi sahələrində də islahatlar aparılır.

"Azərbaycanda neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində tədbirlər görülür, transmilli enerji layihələrinin həyata keçirilməsi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aparılan uğurlu iqtisadi siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankı "Doing Business" hesabatında Azərbaycanı ən islahatçı ölkə elan edib".

Ölkəmizdə neft hasilatının getdikcə artdığını deyən prezident İlham Əliyev Azərbaycanın tranzit imkanlarının da yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Azərbaycanın enerji siyasətində uğurlar əldə etdiyini və ölkəmizin Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə nəqlində böyük imkanlarının olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan yerləşdiyi bölgədə regional əməkdaşlığa böyük önəm verir.

"Buna baxmayaraq, regionda hələ həllini tapmayan problemlər var. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar bu işğalı pisləyən qətnamələr qəbul etsə də, Ermənistan buna məhəl qoymur. Azərbaycanın mövqeyi qətidir. İşğal olunan ərazilər boşaldılmalı, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır" - deyə o vurğulayıb.

Ölkəmizin xarici siyasətindən danışan dövlətimizin başçısı bildirib ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır.

Sonra Prezident İlham Əliyev suallara cavab verib.

Dövlət başçısı bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal etmiş və həmin ərazilərdəki infrastrukturu məhv edib. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu deyən İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. "Münaqişənin yeganə həll yolu Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsidir. Bundan sonra Azərbaycan Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə bilər. İşğal siyasətinin sonu yoxdur" - deyə o bildirib.

Ölkəmizin regiondakı mövqeyi ilə bağlı suala cavab verən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Xəzər hövzəsində geniş tranzit imkanlarına malikdir və bu imkanları bütün tərəfdaş ölkələrlə paylaşır. Azərbaycanın məqsədinin dünyada ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək olduğunu diqqətə çatdıran prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi inkişafın nəticəsində son illərdə ölkədə 700 mindən çox yeni iş yeri yaradılmış, bununla da insanların rifah halı yaxşılaşmış, ölkəmizin maliyyə imkanları genişlənib.

Prezident deyib ki, bir müddət öncə Azərbaycan qaz idxal edən ölkə idi. İndi isə ölkəmiz əsas qaz ixracatçılarından birinə çevrilib. Azərbaycan qazı hazırda Gürcüstana, Türkiyəyə, oradan da Avropa İttifaqı bazarına ixrac olunur.

İlham Əliyev bildirib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycana və Avropa İttifaqına fayda verəcək.

Türkiyə-Ermənistan əlaqələri ilə bağlı suala cavabında prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan heç bir dövlətin siyasətinə qarışmır. "Amma məlumdur ki, Ermənistan-Türkiyə sərhədləri Azərbaycan ərazilərinin işğalına görə bağlanmışdır. Bu işğal indi də davam edir" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti