...

Azərbaycanın müxalif partiyaları "Qarabağ Forumu" ilə bağlı bir-birini ittiham edirlər

Siyasət Materials 1 May 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bаkı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan müxalifətinin təmsil olunduğu ittifaq və hərəkat "Qarabağ Forumu" ilə bağlı razılığa gələ bilməmələri üçün bir-birini ittiham edirlər.

"Mənim ittifaqda təmsil olunan digər partiya sədrləri ilə hərəkatın təsisçisi olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşlərimdə forumda iştirak etməklə bağlı müəyyən ümidverici razılaşma da əldə olunmuşdu. Hətta görüşlərimizin davam etdirilməsi də razılaşdırılmışdı. Amma adında "Qarabağ" sözü olan hərəkat birdən-birə başqa qərar verdi", - cümə günü Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. 

Trend -un arayışı: Demokratiya Uğrunda İttifaq ötən ay "Qarabağ Förumu"nun keçirilməsini təklif edib. "Respublika və Qarabağ Uğrunda Hərəkat"ın bu həftənin əvvəlində keçirilən iclasında isə forumda iştirak etməklə bağlı konsensus əldə olunmayıb. Bundan sonra DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, Azərbaycanın bəzi müxalifət partiyalarına Dağlıq Qarabağla bağlı vahid mövqe formalaşmasına imkan verməmək tapşırılıb.

Mirəlioğlunun sözlərinə görə, "Respublika və Qarabağ Uğrunda Hərəkat"ın "Qarabağ Forumu"nda iştirak etməklə bağlı razılığa gələ bilməməsi təəssüfləndirici, eyni zamanda utandırıcı bir haldır.

"Qarabağ uğrunda hərəkat yaradan partiyaların "Qarabağ Forumu"nda iştirak etməməsi istər-istəməz adamı düşündürür, suallar yaranır və bunların cavabını yalnız hərəkatda təmsil olunan partiyalar verə bilərlər. Bircə onu deyə bilərəm ki, "Qarabağ Forumu"nda iştirak etməyən hərəkatın Qarabağ uğrunda necə mübarizə aparacağını təsəvvür etmək mümkün deyil", - KXCP sədri əlavə edib.

"Qarabağ Forumu"nda iştirak etməmək barədə bizim heç bir qərarımız olmayıb", - cümə günü Trend -a "Respublika və Qarabağ Uğrunda Hərəkat"da təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Onun sözlərinə görə, DUİ-də təmsil olunan bir neçə partiyanın rəhbəri Müsavat Partiyasının başqanı və Ümid Partiyasının sədri ilə görüşlərində yalnız forumun təşkilatçılığında iştirak barədə təklif ediblər. "Biz də təşkilatçılıqla bağlı konsensus əldə etməmişik. Təklifin qəbul olunmaması tamamilə normaldır. Biz əvvəldən demişik ki, istənilən tərəf forumun təşkilatçısı ola bilər. Orada iştirakla bağlı hansı qərarın çıxarılması isə dəvət edilən partiyaların öz haqqıdır. Bizim hələ ki, belə bir tədbirdən imtina qərarımız olmayıb. Bizə hətta forumda iştirakla bağlı təklif də göndərilməyib", - VİP sədri vurğulayıb.

DUİ-də təmsil olunan Azadlıq Partiyasının sədri Orucun hərəkatın ünvanına səsləndirdiyi ittihamlara gəldikdə isə Əliyev bunu müxalifət daxilində bir savaşın olması görüntüsü yaratmaq cəhdi hesab edir.

"Bizim hərəkata daxil olan partiyaların müxalifətdə rəqibləri yoxdur. Kimsə bizə hücum etməklə özünün müxalifətçilik obrazını yaratmaq istəyirsə, bu da bizim problemimiz deyil", - hərəkat təmsilçisi qeyd edib.

Əliyevin fikrincə, Qarabağla bağlı ciddi təhlükə referendum ərəfəsi yaranmışdı.

"Hərəkatın adında "Qarabağ" sözünün olması da bununla bağlı idi. Bizim israrlı təkliflərimizə baxmayaraq DUİ-də təmsil olunan partiyalar həmin hərəkata qoşulmadılar. Qarabağ ətrafında real təhlükə ehtimalı gözlənildiyi şəraitdə ortada olmaq daha məqsədəuyğun idi. Ona görə indi şou yaratmağa heç bir ehtiyac yoxdur", - VİP sədri deyib.

"Dеmоkrаtiyа Uğrunda İttifаq"ı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti