...

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda baş verən faciə ilə bağlı başsağlığı verib

Siyasət Materials 1 May 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bаkı, 01 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan paytaxtında törədilən qanlı hadısə ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi başsağlığı verib.

"Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi Dövlət Neft Akademiyasına mənfur hücumu qınayır, bu faciəli hadisə ilə bağlı qardaş Azərbaycan xalqına və zərərçəkənlərin ailələrinə başsağlığı verir", - cümə günü Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Səfir qeyd edib ki, Türkiyə daim qardaş Azərbaycan xalqının yanında olacağını bir daha bəyan edir.

Aprelin 30-da səhər saatlarında silahlı naməlum şəxs Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda atəş açmağa başlayıb. Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə bəyanatına görə, Dövlət Neft Akademiyasına silahlı hücum nəticəsində 12 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Azərbaycan Baş Prokurorluğu cümə günü bildirib ki, yaralılardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu törədib. Cinayət zamanı "Makarov" tapançasından istifadə olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti