...

Azərbaycanlı millət vəkilləri təhlükəsizliklərinin təminatı üçün silah məsələsini gündəmə gətirdilər

Siyasət Materials 4 May 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin üzvləri təhlükəsizliklərinin təmin olunması üçün onlara silah verilməsi məsələsini yenidən qaldırmayacaqlar.

"Milli Məclisin daxilində kifayət qədər etibarlı mühafizə sistemi olduğundan, bizim hər hansı ciddi təhlükə ilə üzləşəcəyimiz gözlənilmir", - bazar ertəsi Trend -a Ana Vətən Partriyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mayın 1-də şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu Qədirov Fərda Əsəd oğlunun həmkəndlisi və onunla yaxın münasibətlərdə olub.

Ağamalının sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciəni şişirdib, bütün dövlət müəssisələrində buna bənzər olayların qaçılmaz olduğunu söyləməyə ehtiyac yoxdur.

"Biz kifayət qədər stabil bir ölkədə yaşayırıq. Millət vəkilləri də cəmiyyətin nümayəndələridir və hamımızın təhlükəsizliyini hüquq-mühafizə orqanları kifayət qədər etibarlı təmin edir", - millət vəkili əlavə edib.

"Parlamentdə bir neçə dəfə deputatlara silah verilməsi məsələsi dəfələrlə qaldırılsa da, təklif qəbul olunmayıb. Ona görə məsələni yenidən qaldırmağın əhəmiyyəti yoxdur", - bazar ertəsi Trend -a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, indi deputatlardan çox, ictimai xarakter daşıyan yerlərin daha normal mühafizəsi daha vacibdir. "Çünki bu cür mühafizə təmin olunmasa, gələcəkdə daha ciddi çətinliklər ortaya çıxa bilər", - partiya rəhbəri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti