...

İranın Azərbaycandakı yeni səfiri əməkdaşlığın inkişafı üçün yeni proqramlar hazırlayıb

Siyasət Materials 12 May 2009 11:10 (UTC +04:00)
İranın Azərbaycandakı yeni səfiri əməkdaşlığın inkişafı üçün yeni proqramlar hazırlayıb

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir T.Cəfərov /

İranın Azərbaycana yeni təyin olunmuş səfiri iki ölkə arasında əməkdaşlığın səviyyəsindən narazıdır və münasibətlərin daha da inkişaf etdirilməsi üçün proqramlar hazırlayıb.

"Hazırkı vəziyyət məni o qədər də qane etmir. Əlaqələrin daha da yaxşılaşdırması üçün potensial var. Mən ümid edirəm ki, hazırladığım proqramlar hər iki ölkə başçılarının nəzərdə tutduğu yaxınlaşmanı reallaşdıracaq", bazar ertəsi Trend -un fars redaksiyasına müsahibəsində İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhrami bildirib.

İranın yeni səfiri dünəndən Azərbaycanda diplomatik fəaliyyətə başlayıb.

Səfirin sözlərinə görə, iki ölkə arasında əlaqələri qoruyub saxlamaq və onu hərtərəfli inkişaf etdirmək bizim öhdəliklərə daxildir.

"İran və Azərbaycan xalqlarının çox saylı müştərəkliliyə malik olması və dövlətlərin sıx əməkdaşlıq etməyə ciddi iradəsi, hər iki ölkənin beynəlxalq aləmin mövcud və gələcək durumuna təsir qüvvəsini müəyyənləşdirə bilər. İki ölkə arasında sıx əməkdaşlıq yaratmaq məqsədi ilə əlimdən gələni edəcəyəm", - iranlı diplomat əlavə edib.

Səfir hazırladığı proqramların detalları barədə əlavə məlumat verməyib.

2008-ci ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollar olub. Hazırda bu il ticarət dövriyyəsinin 1,5 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu ilin yanvar-fevralında Azərbaycan və İran arasında ticarət dövriyyəsi 21,24 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti