...

Azərbaycan və Litva iri enerji layihələrini müzakirə ediblər

Siyasət Materials 15 May 2009 13:45 (UTC +04:00)

Litva, Vülnüs, 15 may / Trend , xüsusi müxbir A.Şahov / 

Azərbaycan parlamenti nümayəndə heyətinin Litvanın Baş naziri Andryus Kubilyus ilə cümə günü Vülnüsdə keçirilən görüşündə tərəflər Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı, həmçinin energetika sahəsində iri layihələrin reallaşdırılmasında birgə maraqlı məsələləri müzakirə ediblər. Bu barədə Baş nazirin müşaviri Riddas Yasyulenis məlumat verib.

Milli Məclisin (Parlament) spikeri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti 14-16 may tarixlərində Litvada rəsmi səfərdədir.

Litvanın Baş naziri və Azərbaycan parlamentinin spikeri "Nabukko" qaz kəməri və "Odessa-Brodı" neft kəmərinin perspektivləri ilə bağlı məsələlərə toxunublar.

Odessa-Brodı marşrutu ilə neft nəqli regionun bütün neft və qaz hasil edən ölkələrinin can atdığı Xəzər regionunda hasil edilən neft nəqlinin şaxələndirilməsi üzrə daha bir istiqamət ola bilər. Azərbaycan bu boru kəmərində texniki işlər üçün öz neftini təqdim etməyə hazır olduğunu artıq bildirib. Bu həcm təqribən 370 min tondur. Odessa-Brodı-Plotsk-Qdansk marşrutu ilə boru kəmərinin tikintisinin davam etdirilməsi neftin Baltik dənizinə çıxarılmasına imkan yaradacaq.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Əsədov Azərbaycanın Litvanın Avropa İttifaqı-Xəzər dənizi regionu istiqamətində təmin etdiyi nəqliyyat dəhlizində maraqlı olduğunu bildirib.

Tərəflər Litvanın Avrointeqrasiya sahəsində malik olduğu təcrübənin vacibliyini qeyd ediblər.

Əsədov bildirib ki, Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa istiqamətlənən Azərbaycan üçün Litvanın təcrübəsi olduqca qiymətlidir.

2009-cu ilin yanvar-fevralında Azərbaycan ilə Litva arasında mal dövriyyəsi təqribən 2,5 mln. dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti