...

İsrail siyasətinin dəyişdirilməsi sülh prosesini canlandıra bilər – Fələstin Muxtariyyətinin danışıqlar qrupunun rəhbəri

Siyasət Materials 19 May 2009 16:23 (UTC +04:00)
İsrail siyasətinin dəyişdirilməsi sülh prosesini canlandıra bilər – Fələstin Muxtariyyətinin danışıqlar qrupunun rəhbəri

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir Ü.Sadıxova /

Fələstin Milli Administrasiyası ABŞ Prezidenti Barak Obamanın müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarı olduğunu və İsraili beynəlxalq razılaşmalara əməl etməyə çağırmasını alqışlayır. Bu barədə Fələstin Administrasiyasının İsraillə danışıqlar qrupunun başçısı Saib Arikatın ofisinin press-relizində deyilir.

"ABŞ-ın Yaxın Şərqdə sülh prosesində rolunun artmasına və Prezident Obamanın dəstəyinə fələstinlilər sevinir", - Arikat qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüş zamanı Obama sülhün müstəqil Fələstin dövlətinin yaranması əsasında qurula biləcəyini bildirib, RİA Novosti xəbər verib.

Baxmayaraq ki, Obama ilə danışıqlarda Netanyahu Fələstin Muxtariyyətində müstəqil hakim orqanların yaradılmasını dəstəkləsə də müstəqil Fələstin dövlətinin yaradılması barədə bir kəlmə də demədi.

Obama İsraildən "Yol xəritəsi"nə əsasən, bütün beynəlxalq prinsiplərə əməl etməyi, o cümlədən Qərb Sahilində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmağı tələb edib.

Arikatın sözlərinə əsasən, Yaxın Şərqdə sülh prosesinin irəliləməsi İsrailin öhtəlikləri yerinə yetirməsindən asılıdır.

"İsrail siyasətinin tam dəyişdirilməsi sülh prosesində dəyişikliyə səbəb ola bilər. Bura fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması, fələstinlilərin hərəkət etmələrinə qoyulan qadağanın aradan qaldırılması və Qəzzanın blokadasının dərhal götürülməsi daxildir", - Arikat deyib.

Arikatın fikrincə, Netanyahu Fələstin dövlətinin yaradılmasını tanımamaq barədə bəyanatı ilə özünün sülh prosesində etibarlı tərəfdaş kimi göstərmək şansını əldən verdi.  

Fevral seçkilərindən sonra İsraildə sağçıların koalisiya hakimiyyəti formalaşdı və onlar fələstinlilərlə sülh danışığı prosesindən imtina etdiklərini bildirdilər. 

İsrailin Baş naziri dəfələrlə deyib ki, onun strategiyasının əsasını üç istiqamət təşkil edir - siyasət, iqtisadiyyat və təhlükəsizlik.

Ötən ay Netanyahu Fələstin Administrasiyasından yəhudi dövlətini tanımalarını tələb etdi.

"Baxmayaraq ki, FƏTH İsrail dövlətini tanıyıb, Netanyahu cavab addım atmağa qadir deyil", - Arikat bildirib.

"İsrailin yeni şərtləri prosesin pozulmasına və başlıca problem olan İsrail işğalının qarşısının alınmasından imtina etməyə yönəlib", - Arikat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti