...

Terror barədə yalan məlumatlar verilməsinə dair anonim zənglərlə mübarizədə maarifləndirmə gücləndirilməlidir – azərbaycanlı ekspertlər

Siyasət Materials 20 May 2009 15:15 (UTC +04:00)
Terror barədə yalan məlumatlar verilməsinə dair anonim zənglərlə mübarizədə maarifləndirmə gücləndirilməlidir – azərbaycanlı ekspertlər

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycanlı eksertlər terror barədə bilə-bilə yalan məlumatlar verilməsi ilə bağlı anonim zənglərlə mübarizədə maarifləndirmənin gücləndirilməsini vacib sayırlar. Ekspertlər hesab edirlər ki, bu problemlə mübarizədə ictimaiyyət hüquq-mühafizə orqanlarına yardım etməlidir.

Hüquqşünas-vəkil, sabiq polis əməkdaşı İsaxan Aşurov çərşənbə günü Trend -a bildirib ki, son vaxtlar bu məsələ ilə bağlı ciddi narahatlığı nəzərə alaraq hüquq-mühafizə orqanları ictimaiyyətə müraciət etməlidir.

"Bu iş tək hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Bu, bir mədəniyyət və tərbiyə məsələsidir", - Aşurov bildirib.

Ekspertin sözlərinə görə, əksər vaxtlarda anonim zənglər yetkinlik yaşına çatmayanlar tərəfindən edilir. "Uşaqların valideynlərinə bu hərəkətlərin dövlət və cəmiyyət üçün narahatlıq doğurduğu, cəmiyyətdə vahimə yaratdığı və onların ictimai qınaq obyektinə çevriləcəkləri izah olunmalıdır", - hüquqşünas vurğulayıb.

Hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə isə bu mövzuda dövlət və özəl telekanalların tezliklə maarifləndirmə verilişlərinə başlamasını vacib sayır.

"Həftədə 2-3 dəfə günün münasib vaxtlarında bu mövzuda mütəxəssislərin, hüquq-mühafizə orqanları nümayəndələrinin və ekspertlərin iştirakı ilə verilişlər hazırlanmalı, əhali arasında maarifləndirmə aparılmalıdır. Belə arzuolunmaz hallar təkrarlanarsa, hüquq-mühafizə orqanlarında bir etinasızlıq, loyallıq yarana bilər və sonda hansısa hadisə baş verə bilər", - Qənizadə çərşənbə günü Trend -a bildirib.

Hüquq müdafiəçisi hesab edir ki, əhali arasında həmin vəziyyətlərdə necə davranma ilə bağlı maarifləndirmə də aparılmalıdır.

Qənizadə rəhbərlik etdiyi Komitənin adından cümə axşamı bu məsələ ilə əlaqədar dövlət qurumlarına rəsmi məktubla müraciət edəcəyini və bu istiqamətdə maarifləndirmə işlərinin təşkilini təklif edəcəyini deyib.

Hər iki ekspertin fikrincə, terror barədə bilə-bilə yalan məlumatlar vermə kifayət qədər ağır cinayət tərkibi yaradır və həmin cinayətə görə nəzərdə tutulan cəza da kifayət qədər ağırdır.

"Bu hərəkəti edən şəxslər bilməlidirlər ki, qanun qarşısında cavab verməlidirlər və həbs olunacaqlar",-ekspertlər vurğulayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə Trend -a bildiriblər ki, yanvarın əvvəlindən bu günə qədər terror barədə bilə-bilə yalan məlumatlar verməsi ilə bağlı 14 fakt qeydə alınıb. Yalan zənglərin kimlər tərəfindən edildiyinin 50 faizə yaxının üstü açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti