...

Seçki Məcəlləsi kifayət qədər təkmilləşdirilib və mövcud komissiyalarla demokratik seçki keçirilməsi mümkündür – Azərbaycanın Parlamentinin Aparat rəhbəri

Siyasət Materials 21 May 2009 16:31 (UTC +04:00)
Seçki Məcəlləsi kifayət qədər təkmilləşdirilib və mövcud komissiyalarla demokratik seçki keçirilməsi mümkündür – Azərbaycanın Parlamentinin Aparat rəhbəri

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Milli Məclisinin (Parlament) Aparatının rəhbəri hesab edir ki, ölkədə mövcud olan Seçki Məcəlləsi kifayət qədər təkmilləşdirilib.

"Seçki Məcəlləsini kifayət qədər təkmilləşdirmişik. Düşünürəm ki, indiki mərhələdə mövcud olan seçki komissiyaları ilə də kifayət qədər demokratik seçki keçirilməsi mümkündür", - cümə axşamı Trend -a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Trend -un arayışı: 2008-ci ilin iyununda Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan Hökuməti arasında birgə müzakirələrdən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərdə Azərbaycan müxalifətinin istədiyi kimi komissiyaların paritet (bərabər) əsasda formalaşdırılması əksini tapmayıb. Seçki qanunvericiliyinə etiraz əlaməti olaraq Azərbaycanın bir neçə müxalifət partiyası 2008-ci ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində iştirak etməkdən imtina edib.

"Seçki Məcəlləsində bizim əvvəllər öz tövsiyələrimizi verdiyimiz, məsələn komissiyaların formalaşdırılması qaydası üzrə heç bir dəyişiklik edilməyən bir sıra məqamlar qalmaqdadır. Azərbaycan rəhbərliyi əməkdaşlığın davam etdirilməsini vacib sayırsa, biz məmnuniyyətlə bu dialoqu davam etdirərik", - daha öncə Trend -a Avropa Şurasının Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov Strasburqdan telefonla bildirib.

Mirzəyevin sözlərinə görə, hazırda Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Hökumətindən seçki qanunvericiliyi ilə bağlı olan sənədlərə əlavə və dəyişikliklərin olunmasını təklif etməyib.

Aparat rəhbəri deyib ki, Azərbaycan Parlamentinə seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı müxalifət partiyalarından da heç bir təklif daxil olmayıb.

"Hər hansı müxalifət partiyası seçki komissiyalarının tərkibinə yenidən baxılmasını təklif edə bilər. Lakin bunun qəbul edilməsi təklifin nə dərəcədə səmərəli olub-olmamasından asılıdır", - Mirzəyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti