...

Azərbaycan Prezidenti Göygöl mərkəzi rayon xəstəxanasının açılışında iştirak edib

Siyasət Materials 25 May 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan Prezidenti mayın 25-də Göygöl mərkəzi rayon xəstəxanasının açılışında iştirak edib, AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Göygöl rayon mərkəzi xəstəxanasının inşasına 2007-ci ilin əvvəlində başlanılıb. Obyekti Səhiyyə Nazirliyinin sifarişi ilə "Terminal" istehsal-tikinti müəssisəsi inşa edib. İnşaat işləri zamanı xaricdən gətirilmiş tikinti materialları ilə yanaşı, yerli xammaldan da istifadə edilib.

Xəstəxananın ümumi sahəsi 4 hektara yaxın, tikintinin sahəsi isə 1,5 hektardır. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, patoloji-anatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. 180 çarpayılıq səhiyyə ocağının xarici görünüşü də yüksək zövqlə işlənib.

Ərazidə nəzarət-buraxılış məntəqəsi, avtomobil dayanacağı, texniki xidmət və mətbəx binaları da inşa olunub. Texniki və içməli su üçün hər birinin tutumu 200 ton olan hovuz inşa edilib, su nasos stansiyası və içməli suyu təmizləmək üçün isə müasir avadanlıqla təchiz olunmuş qurğu quraşdırılıb. Burada, həmçinin transformator və qəza zamanı avtomatik işə düşən generator qurğusu və müasir qazanxana da var.
Xəstəxananın həyətində geniş abadlıq işləri aparılıb, 9500 kvadratmetr asfalt örtüyü salınıb, 2,2 hektar sahə yaşıllaşdırılıb. Ərazidə 1400-ə yaxın meyvə ağacı, habelə müxtəlif gül, dekorativ kollar əkilib.
Xəstəxananın avadanlığı Yaponiya, Koreya Respublikası, Almaniya və Avropanın digər ölkələrindən gətirilib.

Bu səhiyyə ocağında 47 həkim çalışacaqdır. Ümumilikdə isə burada işlə təmin olunanların sayı 230 nəfərə yaxındır. Xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan olanlara da müasir səviyyədə tibbi xidmət göstəriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti